Gənclər və yeniyetmələr erkən nikahların mənfi nəticələri barədə məlumatlandırılırlar
Bakı, 3 iyul, AZƏRTAC
Gənclər və yeniyetmələr arasında erkən nikahların mənfi nəticələri ilə bağlı maarifləndirmə aparılır, sağlam ailə münasibətlərinin formalaşmasına və ailə institutunun möhkəmlənməsinə dəstək göstərilir. Bu istiqamətdə “Gənclər Mərkəzi” İctimai Birliyi tərəfindən “Gənclik və dəyərlər” layihəsi çərçivəsində müvafiq işlər həyata keçirilir. Birliyin bununla bağlı növbəti tədbiri Quba rayonunda təşkil olunub.
Bu barədə AZƏRTAC-a “Gənclər Mərkəzi” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə tədbirdə vurğulayıb ki, “Gənclik və dəyərlər” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə, xüsusilə yeniyetmələr və gənclər arasında məsuliyyətli ailə münasibətləri, təhsilin önəmi və gender bərabərliyinə əsaslanan ailə modeli barədə məlumatlılığı artırmaqla, ailə institutunun möhkəmlənməsinə töhfə verməyi hədəfləyir.
Kənan Qubadzadə deyib ki, layihə çərçivəsində maarifləndirici tədbirlər davam etdiriləcək, qanunvericilikdən çıxarışlar və digər materiallar paylanılacaq.
Tədbirdə çıxış edən digər natiqlər layihənin əhəmiyyətindən danışıblar.