Gənclər Vətənimizin qüdrətlənməsi və inkişafı üçün səylə çalışırlar
Ağdam, 1 fevral, AZƏRTAC
Xocavənd, Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam rayonlarının gənclər və idman idarələrinin təşkilatçılığı ilə 2 fevral - Gənclər gününə həsr olunmuş videokonfrans keçirilib. Videokonfransda rayonların ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, idmanın müxtəlif növlərində, müsabiqə və intellektual oyunlarda yüksək nailiyyətlər qazanan gənclər, eləcə də Vətən müharibəsi qaziləri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən, gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, keçirilən mədəni-kütləvi tədbirlərdəki fəal iştirakından, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan danışıblar. Çıxışlarda Azərbaycan gəncliyinin istər pandemiya şərtləri çərçivəsində, istərsə də Vətən müharibəsi zamanı fəaliyyətləri yüksək qiymətləndirilib. Bildirilib ki, yüksək vətənpərvərlik ruhuna malik Azərbaycan gəncləri Vətənimizin qüdrətlənməsi və inkişafı üçün səylə çalışırlar.