CƏMİYYƏT
Gənclər Vətənin keşiyində durmaq üçün həqiqi hərbi xidmətə həvəslə yollanırlar VİDEO
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 2014-cü il 2 iyun tarixli Sərəncamına uyğun olaraq, iyulun 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən gənclərin hərbi xidmətə çağırılması ilə bağlı lazımi tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, iyulun 8-də Qaradağ rayonunda çağırışçı gənclərin bir qrupu həqiqi hərbi xidmətə yola salınmışdır.
SHXÇDX-nin Qaradağ Rayon İdarəsində təşkil olunan tədbirdə çağırışçı gənclər, onların valideynləri və Xidmətin əməkdaşları iştirak etmişlər.
Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi, mayor Novruz Rəhimov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan, qurumun yarandığı dövrdən bu sahədə tətbiq olunan yeniliklərdən söhbət açmış, hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırmışdır. O, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını səylə yerinə yetirməyi arzulamışdır.
Hərbi xidmətə yola düşən gənclər - Məhəmməd Məmmədov, Kamran Həsənov və Rauf Bəkirov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına, Vətənə layiqli övlad kimi xidmət edəcəklərini bildirmişlər.
Çağırışçı gənclərin valideynləri övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını demiş və onlara Vətənin layiqli əsgəri olmağı tövsiyə etmişlər. Valideynlər Vətənin keşiyində durmağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi arzulamışlar.
Sonra çağırışçılar Azərbaycan bayrağını öpərək hərbi hissələrə yola salınmışlar.
Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması 2014-cü il iyulun 30-dək davam edəcəkdir.