SİYASƏT
“GƏNCLİYİN SEÇİMİ - HEYDƏR ƏLİYEV” HƏRƏKATI ƏLAQƏLƏNDİRMƏ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Şuranın üzvləri iclasda çıxış edərək bildirmişlər ki, gənclərin 200-dən çox qurumunu birləşdirən hərəkatın üzərinə böyük məsuliyyət düşür. İclasda hərəkatın komissiyalarının tərkibi müzakirə və təsdiq edilmiş, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə İlham Əliyevə təbrik məktubu qəbul edilmişdir. Məktubda deyilir:
- Sizi Azərbaycan hökumətinin başçısı vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, bu yüksək vəzifədə özünüzə xas peşəkarlıqla, böyük enerji və vətənpərvərlik hissi ilə çalışaraq, xalqımıza layiqli xidmət göstərəcəyinizə inamımızı ifadə edirik. Arzu edirik ki, böyük dövlət xadimi və siyasi xadim, Azərbaycanın dahi oğlu Heydər Əliyevin siyasi xətti Sizin timsalınızda xalqımızı daha böyük məqsədlərə istiqamətləndirsin. Biz Sizə inanırıq, müvafiq göstəriş və tapşırıqlarınızı yerinə yetirmək əzmində olduğumuzu bildiririk. “Gəncliyin seçimi – Heydər Əliyev” hərəkatının bütün üzvləri və tərəfdarları adından bir daha ən xoş arzularımızı, təbriklərimizi yetiririk.