“GENERAL ƏLİAĞA ŞIXLİNSKİ ÖMRÜ” KİTABI NƏŞR EDİLMİŞDİR
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin təşəbbüsü ilə yazılmış əsərdə təkcə general Şıxlinskinin omür yolundan deyil, eyni zamanda, onun həyat yoldaşı, ilk azərbaycanlı hərbi şəfqət bacısı Nigar xanım və unudulmuş general Novruzov qardaşları haqqında tədqiqatlar da oxuculara ilk dəfə təqdim olunur.
Müəllif Ə.Şıxlinski barədə təkcə görkəmli sərkərdə deyil, həm də bir pedaqoq, alim kimi də bəhs edir. Bildirilir ki, hələ əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən “Şıxlinski üçbucağı”ndan təkcə Rusiyada yox, Fransa, Norveç, İsveçrə və başqa ölkələrin də topçuluq məktəblərində dərslik kimi istifadə olunmuşdur. Ə.Şıxlinski artilleriya tarixində ilk dəfə olaraq, gözlə görünməyən hədəfə toplardan atəş açmaq texnikasını işləyib hazırlamış və topların təkmilləşdirilməsi işinə bir sıra dəyərli yeniliklər gətirmişdir. Hərb elminin mütəxəssisləri bu gün də etiraf edirlər ki, general Şıxlinski qeyri-adi fəaliyyəti ilə fərqlənmiş nadir hərbi mütəxəssis olmuşdur. O, yeganə azərbaycanlı idi ki, ilk dəfə Fransanın generallara məxsus fəxri “Legion ordeni” və zabitlərə verilən “Legion xaçı” ilə təltif edilmişdir.
Arxiv sənədlərindən məlum olur ki, Ə.Şıxlinski akademik Heydər Hüseynovla müntəzəm əlaqə saxlamış, “Rusca-Azərbaycanca” lüğət barədə öz fikirlərini alimə göndərmişdir.
Kitabda generala həsr olunmuş şeirlər və görkəmli adamların onunla bağlı fikirləri də verilmişdir.
Nəşrin redaktoru Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin rəisi, general-leytenant Kərim Vəliyevdir.