“GeoCamp” tələbə yay düşərgəsi başa çatıb
Bakı, 31 avqust, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech”, “CQA International Ltd”, AT-Geotech, “A-A”, “Atlas” və “AzGeo” şirkətlərinin dəstəyi ilə keçirilən “GeoCamp” tələbə yay düşərgəsinin bağlanış mərasimi olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “BDU könüllüləri” təşkilatının baş katibi, layihə rəhbəri və sessiyanın moderatoru Qasım Xəlilov layihənin əsas məqsədinin iştirakçılara geoloji biliklər aşılamaq, onların sosiallaşmalarına və təcrübə qazanmalarına şərait yaratmaq olduğunu söyləyib.
Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, layihə rəhbəri İlqar Quliyev bildirib ki, bu platforma iştirakçılara yalnız yeni nəzəri və praktiki bacarıqlar qazandırmır, onları vahid geoloqlar ailəsinin ayrılmaz üzvünə çevirir.
“Azerbaijan International Mining Company Limited” şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri, layihə rəhbəri Samir Mürsəlov düşərgənin prioritet hədəflərinə toxunaraq, təlim müddətində tələbələrin yiyələndiyi geoloji nəzəri və praktiki biliklərin gələcək peşə fəaliyyətləri baxımından mühüm rol oynadığını qeyd edib.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov, BDU-nun Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev çıxışlarında bildiriblər ki, düşərgə çərçivəsində iştirakçılar yerşünaslıq sahəsində tanınmış ekspert və mütəxəssislərlə interaktiv əlaqələr qurmaq, nəzəri biliklərini sahə təcrübələri ilə zənginləşdirmək imkanı əldə ediblər.