İQTİSADİYYAT
“Goldman Sachs”: OPEC-in qərarı neftin qiymətinin bahalaşmasına səbəb olacaq
Bakı, 1 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” sentyabrın 29-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Əlcəzair görüşündə hasilatı azaltmaq barədə qərarının neftin qiymətinin bahalaşmasına səbəb olacağı qənaətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Goldman Sachs”ın hesabatında deyilir. Bank OPEC-in qərarından sonra neftin qiymətinin gələn ilin əvvəlindən etibarən 7-10 dollar/barrelədək bahalaşacağını proqnozlaşdırır.
“Bu qərar OPEC-in noyabr ayındakı rəsmi yığıncağından sonra qüvvəyə minərsə və müvəffəqiyyətlə tətbiq olunarsa qlobal neft təklifi gündəlik orta hesabla 480 min və ya 980 min barel azalacaq. Bunun nəticəsində isə gələn ilin birinci yarısında xam neftin qiyməti 7 və ya 10 dollar/barel bahalaşacaq”, - deyə “Goldman Sachs”ın hesabatında bildirilir.
“Goldman Sachs” bu ilin sonunda neftin qiymətinin orta hesabla 43 dollar/barrel, gələn ildən isə 53 dollar/barrel olacağını nəzərdə tutur.