Gömrük orqanları tərəfindən saxlanılmış mallar Heydər Əliyev adına Hərbi Liseyə təhvil verilib
Naxçıvan, 15 aprel, AZƏRTAC
Muxtar respublikanın gömrük orqanları tərəfindən saxlanılmış ümumi çəkisi 3 min 289 kiloqram olan müxtəlif ərzaq məhsulları aktlaşdırılaraq Heydər Əliyev adına Hərbi Liseyə təhvil verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə ölkəmizin ötən illərdə ordu quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlərdən bəhs olunub. Vurğulanıb ki, bu gün Azərbaycan Ordusu, o cümlədən hərbi təhsil müəssisələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilib.
Qeyd olunub ki, Ulu Öndərimizin adını daşıyan hərbi liseydə kursantların ən müasir tələblər səviyyəsində təhsil alması, onların sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər ən yüksək səviyyədə görülübdür. Gömrük orqanları tərəfindən saxlanılmış malların kursantlara təqdim olunması xalq-ordu birliyinin daha bir ifadəsidir.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Hərbi Liseyə təhvil verilən mallar 754 kiloqram düyü, 442 kiloqram qənd, 416 kiloqram qarabaşaq, 304 kiloqram xurma, 234 kiloqram lobya dənəsi, 234 kiloqram noxud, 234 kiloqram yaşıl noxud, 234 kiloqram qarğıdalı, 234 kiloqram mərcimək, 117 kiloqram çay, 80 kiloqram fısdıq, 6 kiloqram ədviyyatdan ibarət olub.
Hərbi liseyin zabiti Hikmət Hacıyev, kursantlardan Tapdıq Abbasov və Əhməd Həsənov göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq edib, bu cür tədbirlərin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını vurğulayıblar.