Gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə mayın 10-da Dövlət Gömrük Komitəsinin (DGK) inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, andiçmə mərasimində çıxış edən DGK sədri Səfər Mehdiyev bildirib ki, bu gün müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin doğum günü qeyd edilir. “Ulu Öndər dövlətin qurulmasında, müstəqil Azərbaycan Respublikasının formalaşmasında, Azərbaycanın daxili və beynəlxalq aləmində tanınmasında mühüm rol oynayıb. Heydər Əliyevin uzaqgörən qərarları nəticəsində bu gün gömrük xidməti iqtisadi təhlükəsizliyin keşiyində duran və müasir tələblərə cavab verə biləcək bir orqana çevrilib,"- deyə S. Mehdiyev söyləyib.
Komitə sədri deyib: “Heydər Əliyev siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının gömrük orqanlarına göstərdiyi dəstək sahəsində Azərbaycan gömrüyü özünə məxsus yerə sahibdir. Gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər. Gömrük qanunvericiliyinə, prinsip və əməllərinə vicdanla əməl edəcəyinizə inanıram".
Sonra bir qrup gömrük əməkdaşı and içib.