Goranboy rayonunda silah-sursat tapılıb
Bakı, 27 yanvar, AZƏRTAC
Goranboy rayonunun Yenikənd kəndi ərazisində silah-sursatın olması barədə Xocalı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, dərhal rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan “Muxa” markalı RPQ-18 qumbaraatan, 60 millimetrlik minaatan mərmisi, iki ədəd alışdırıcısı üzərində olan, bir ədəd alışdırıcısız “F-1”, bir ədəd “PRO”, bir ədəd “RPN” əl qumbaraları, ümumilikdə 1632 ədəd müxtəlif kalibrli patron, 4 ədəd müxtəlif silaha məxsus avtomat darağı və sandıqlar aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.