GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN XATİRƏSİ EHTİRAMLA ANILMIŞDIR
Onlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül-çiçək düzmüşlər.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Komitənin sədri Hicran Hüseynova respublikamızda tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin tərəqqisində Zərifə xanımın müstəsna xidmətlərindən danışaraq demişdir ki, Zərifə xanımı yaxından tanıyanlar onun ləyaqətli, insanpərvər, çox xeyirxah, mehriban bir qadın olduğunu yaxşı xatırlayırlar. Zərifə xanım hamının dərdini, problemini özününkü hesab etməyi bacarırıdı. Çünki, hər şeydən əvvəl, insanları sevirdi. Elə peşəsində qazandığı uğurlar da bu keyfiyyətləri ilə bağlı idi. Xəstələrini doğmalarından ayırmırdı. İnsanları zülmətdən qurtarmaq, onlara nur paylamaq müqəddəs bir işdir. Zərifə xanım bu yolu təsadüfən seçməmişdi. Bu onun daxilindən, mənəvi dünyasından irəli gəlirdi. Böyük şəxsiyyət, Heydər Əliyev kimi dahi bir insanın ömür-gün yoldaşı olmağın özü artıq həyatda ağır bir məsuliyyət, cavabdehlik deməkdir. Zərifə xanım isə hər iki işi uğurla birləşdirməyi bacararaq, həm ailəsində, həm də peşəsində nümunə göstəriridi. Bu müdrik, ziyalı, alicənab qadının keçdiyi şərəfli ömür yolu hər bir azərbaycanlı qadın üçün məktəbdir.
Aprel ayı, ümumiyyətlə, baharın ən gözəl çağıdır. İlin bu fəslində təbiət oyanır, torpaq canlanır, Günəşin istisi də, işığı da artır. Elə bil hər tərəf nura boyanır. Bu da bəlkə bir təsadüfdür ki, nurlu, işıqlı ömür yaşayan insanlar elə bu fəsildə dünyaya göz açırlar. Doğrudan da, qəribədir, Zərifə xanım apreldə doğuldu, apreldə də dünyasını dəyişdi. Qısa, lakin mənalı bir ömür yaşadı.
Tədbirdə Zərifə xanımın həmkarı, oftalmoloq Rəfiqə Axundova, Zərifə Əliyeva adına muzeyin direktoru, tibb elmləri namizədi Nüşabə Əliyeva, həkim-şair, professor Paşa Qəlbinur və digər çıxış edənlər Zərifə xanım Əliyevanın təkcə alim, həkim kimi deyil, həm də görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı kimi qibtə ediləcək həyat yolu keçdiyini vurğulamışlar. Qeyd etmişlər ki, səmərəli elmi fəaliyyət, fədakarlıq, səmimiyyət, xeyirxahlıq, gözəl analıq, qayğıkeş həkim, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatının mənasını təşkil etmişdir.