GÖRKƏMLİ ŞƏRQŞÜNAS ALİM AİDA İMANQULİYEVAYA HƏSR EDİLMİŞ SƏNƏDLİ FİLMİN TƏQDİMATI
Müəlliflər Aida xanım İmanquliyevanın ömür yolundan bəhs edən filmə Konfusinin bu sözləri ilə başlayır: “Mən hər dəfə suya daş atanda, o, əmələ gələn dairələrin ortasına düşür. Bu idiomanı belə açıqlamaq olar: Nə edirəmsə-edim, həmişə hədəfə dəyirəm”.
Filmin yaradıcıları qəhrəmanın bədii obrazını Zamanın fonunda, habelə sosial, mənəvi və əxlaqi mühitin fonunda canlandırmağa çalışmışlar. Elə bir mühit ki, o, Aida xanımın gözəl Qadın, Övlad, Ömür-Gün yoldaşı, Ana, hərtərəfli, qeyri-adi Şəxsiyyət, istedadlı Alim kimi, həm də onunla ünsiyyətdə olmaq xoşbəxtliyi nəsib olmuş insanların qəlbində silinməz iz buraxmış əsil İnsan kimi formalaşmasına böyük təsir göstərmişdir.
Rus dilində çəkilmiş bu film Rusiya alimlərinin xatirələri əsasında qurulmuş, Moskva və Sankt-Peterburq şəhərlərində lentə alınmışdır.
Filmin rejissoru Gülbəniz Əzimzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:
- Biz filmi ilk dəfə oktyabrın 10-da, Aida xanımın ad günündə göstərdik. Ssenarini onun qızı – bu yaxınlarda yaradılan “UNS Teatr evi”nin rəhbəri, professor Nərgiz Paşayeva yazmışdır. O, hər bir sözü, hər bir kadrı çox həssaslıqla və incəliklə duymuşdur. Bu, Nərgiz xanımın ilk işidir.
Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Kudelin, Aida İmanquliyevanın Mixail Nüaymə haqqında kitabının redaktoru professor Anna Dolinina, Sankt-Peterburq Universitetinin professoru Olqa Frolova filmdə görkəmli alimlə bağlı xatirələrini bölüşürlər. Rusiya alimləri filmin qəhrəmanını özünə, öz işinə tələbkar, ülvi mənəvi prinsiplərə sadiq, elmdə qarşısına qoyduğu məqsədlərə çatmış şəxsiyyət adlandırırlar. Bir alim kimi onun gərgin zəhmətinin nəticələri təkcə elmi məna deyil, həm də ümumtarixi məna kəsb etmişdir.
Filmdə Sergey Raxmaninovun musiqisi, Müslüm Maqomayevin, Polad Bülbüloğlunun, Oqtay Ağayevin, Demiss Russosun, Co Dassenin ifasında mahnılar səslənir.
Filmin prodüseri Tamerlan Şalbarov, operatorları Elşən Əliyev və Əli Kərimovdur.
“Sinema-Lümyer-klub”un istehsalı olan film müstəqil “Lider” teleradio şirkətinin və “Yeni dalğa” prodüser mərkəzinin bazasında çəkilmişdir.