Göyçayda birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Göyçay, 18 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Bu ilin birinci rübündə Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz və ya 849,5 min manat artaraq 53 milyon manat olub. Rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4,2 milyon manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu rəqəmlər cari ilin ötən 3 ayında Göyçay rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə qeyd edib ki, cari ilin birinci rübündə aqrar sahədə müəyyən uğurlar əldə olunub. 1461,5 hektar sahədə yazlıq bitkilər əkilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 53,5 hektar və ya 3,8 faiz çoxdur. Faraş tərəvəz istehsalının artırılması məqsədilə birinci rübdə ümumi sahəsi 249 hektar olan 6700 istixana quraşdırılıb və artıq bazarlara faraş məhsulların göndərilməsinə başlanılıb.
Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, torpaqların münbitliyinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, rayon suvarma sistemləri idarəsi tərəfindən Şəhadət, Hacalıkənd, Şəkər, Mallışıxlı, Qarabaqqal, Alxasava, Potu, Bəydövül, Alpout, Aşağı Qaraməryəm və Qarayazı kəndlərində, ümumilikdə, 84,5 kilometr məsafədə lildən təmizləmə işləri aparılıb, 15 hidrotexniki qurğu təmir edilib. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən rayonun Kürdşaban, Mallışıxlı və Çərəkə kəndləri ərazisində təsərrüfatlararası və təsərrüfatdaxili kollektorlarda 8,2 kilometr məsafədə lildən təmizləmə işləri görülüb.
Bildirilib ki, 2018-ci ilin birinci rübündə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 3,6 milyon manat vəsait yönəldilib, tikinti təşkilatları tərəfindən 2,4 milyon manatlıq inşaat işləri görülüb. Bu da ötən dövrlə müqayisədə 2,2 dəfə çoxdur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən “Azərsu” ASC tərəfindən rayonun 15 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi təmin olunub, kəndlərin ərazisində 148 bulaq quraşdırılaraq, 28656 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 24 fevral tarixli Sərəncamına müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular, o cümlədən 101 ədəd bulaq quraşdırılaraq istifadəyə verilib, həmin kəndlərdə yaşayan 5132 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Məruzədə qeyd olunub ki, hesabat dövründə rayonun Çaxırlı kəndinə yeni təbii qaz xəttinin çəkilişi başa çatdırılıb və əhaliyə təbii qaz verilişi bərpa edilib. Bununla da rayonda təbii qazla təmin olunan yaşayış məntəqələrinin sayı 45-ə çatıb. Hazırda Ləkçiplaq və Çərəkə kəndlərində təbii qaz xəttinin çəkilişi yekunlaşmaq üzrədir.
Rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində də müəyyən işlər görülüb. Hazırda Heydər Əliyev parkının ərazisində bayraq muzeyinin tikintisi davam etdirilir. Həmçinin Göyçay şəhərinin ərazisində küçələrin və yaşayış binalarının həyətlərinə asfalt örtüklərin vurulması işlərinə başlanılıb. Rayonda yeni avtovağzal binasının tikintisi başa çatmaq üzrədir. Göyçayda hər cür şəraiti olan “Təzə bazar”ın açılması rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Ümumi sahəsi 9 min kvadratmetr və 500 satış yeri olan bazarda həm alıcılar, həm də kənd təsərrüfatı məhsullarını satan şəxslər üçün normal şərait yaradılıb. Rayonda emal sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə “AzNar” QSC-nin şərab sexi üçün yeni avadanlıqlar alınıb.
Bildirilib ki, Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurma layihəsi çərçivəsində rayonun Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi davam etdirilir.
Yığıncaqda rayonun Alıkənd kəndində quraşdırılan modul tipli 40 şagird yerlik ibtidai məktəb binasında son tamamlama işlərinin aparıldığı, yanvar-mart aylarında rayonda 398 yeni iş yerinin yaradıldığı diqqətə çatdırılıb.
Sonda cari ildə görüləcək işlər müəyyənləşdirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.