REGİONLAR
Göyçayda nar bağlarında bol məhsul əldə etmək üçün ziyanvericilərə qarşı dərmanlama işlərinə başlanılıb
Göyçay, 24 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda narçılıq əhalinin əsas gəlir sahəsi hesab olunur. Hər il rayonda nar bağları sahəsinin genişləndirilməsi və məhsuldarlığın artırılması üçün tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bağbanlar narın ziyanvericilərdən qorunması üçün ağacların dərmanlaması işlərinə başlayıblar. Havanın isti keçməsi nar bağlarında bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Son illər nar meyvəsində müşahidə olunan boz çürümə, göbələk və qara pal xəstəlikləri meyvənin yetişməmişdən əvvəl məhvinə gətirib çıxarır. Əvvəllər bir hektar nar bağından 4-5 ton məhsul yığmaq mümkün idisə, indi bu rəqəm 3 tondan artıq olmur. Məhsuldarlığın aşağı düşməsinin digər səbəbi isə aqrotexniki qaydalara düzgün əməl edilməməsi, ağacın qidalanması üçün üzvi və mineral gübrələrdən lazımınca istifadə olunmamasıdır.
Uzun illərdir narçılıqla məşğul olan Göyçay rayonunun Qaraxıdır kənd sakini, fermer Şahin Yaqubov AZƏRTAC-a müsahibəsində narın çürüməsinin qarşısını almaq üçün yeni üsuldan istifadə etdiyini deyib. Fermerlər adətən narda çürümənin baş verdiyi vaxt, yəni sentyabr-oktyabr aylarında qurda qarşı mübarizə aparırlar. Lakin Şahin Yaqubov narda qurdun əmələ gəlməsinə və çürüməyə yol verməməkdən ötrü iyun ayında bağlarda dərmanlama işlərinin aparılmasını vacib sayır. O, dərmanlama işlərinin vaxtında və düzgün aparılmaması səbəbindən narçılıq təsərrüfatlarında ziyanvericilərin çoxaldığını və məhsuldarlığın aşağı düşdüyünü söyləyir.
Mütəxəssis deyir ki, iyun ayından başlayaraq məhsul yığılanadək hər ay bağlarda bioloji inseksid vasitəsilə dərmanlama işləri aparılmalıdır. Bu qaydaya əməl edilsə, bitlər və qurdlar məhv olar, 100 faiz sağlam məhsul götürülər. Ş.Yaqubov hesab edir ki, bioloji dərmanları nar ağaclarına pərakəndə halda vurmaq olmaz, əks halda dərman məhsulun məhvinə gətirib çıxara bilər.
Xatırladaq ki, hazırda Göyçayda 3850 hektar bar verən nar bağı mövcuddur. Ötən il bağbanlar 45 min tondan artıq nar tədarük ediblər. Bu il məhsuldarlığın daha çox olacağı gözlənilir.