REGİONLAR
Göyçayda ötən tədris ilinin yekunları müzakirə olunub
Göyçay, 5 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay şəhər Heydər Əliyev Mərkəzində rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı olub. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, konfransda Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov çıxış edərək bildirib ki, 2016-2017-ci dərs ilində Göyçay rayonunda 39 tam orta,13 ümumi orta, 4 ibtidai məktəb fəaliyyət göstərib. Bu tədris müəssisələrində 15 min 550 nəfər şagird təhsilə cəlb olunub. Tam orta təhsili başa vuran gənclərdən 527 nəfəri ali məktəblərə sənəd verib. Onlardan 322-si tələbə adını qazanıb. Abituriyentlərdən 15 nəfəri 600-dən, 54 nəfəri isə 500-dən çox bal toplayıb. Tam orta təhsili bazasından isə 85 məktəbli orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbulun nəticələrinə görə şəhər 1,3,5,6,7 saylı və Kürdəmiş, Potu, Ləkçiplaq kənd tam orta məktəbləri daha yaxşı nəticələr göstəriblər.
Şöbə müdiri qeyd edib ki, rayonda növbəti dərs ilinə hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb. Uzun illər ərzində yararsız vəziyyətdə fəaliyyət göstərən Hacıağabəyli və Ərəbşahverdi kənd məktəbləri üçün yeni binalar tikilib. Şəhər 2 və 6 saylı tam orta məktəblərində, həmçinin Qaraman, Mallı-Şıxlı kənd məktəblərində əsaslı təmir işləri aparılıb. Yeni dərs ili ərəfəsində bütün tədris müəssisələri dərsliklərlə yüz faiz təmin olunub.
Göyçay rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında əldə olunan uğurlar və qarşıda duran vəzifələr ətraflı təhlil edilib.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, pedaqoji ictimaiyyətin qarşısında duran vəzifələrdən danışıb. Natiq yeni dərs ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik edib və onlara uğurlar arzulayıb.
Konfransda ötən tədris ilinin yekunları təhlil edilib və yeni dərs ilində görüləcək işlər müzakirə olunub. Konfransın müvafiq qətnamə layihəsi hazırlanaraq qəbul edilib.
Sonda təhsildə fərqlənən pedaqoqlar mükafatlandırılıb.