GÖYÇAYDA REGİONAL PEŞƏ TƏDRİSİ MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 5-də Göyçay şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin regional peşə tədrisi mərkəzi istifadəyə verilmişdir.
Mərkəzin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, baş məşğulluq idarəsinin rəisi Anar Bədəlbəyli çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində əmək bazarında yeni peşələrə olan tələbatın artmasından, məşğulluq xidməti orqanları tərəfindən işaxtaran və işsiz vətəndaşların, xüsusilə də gənclərin sosial müdafiəsinə yönəldilmiş bir sıra fəal məşğulluq tədbirlərinin həyata keçirilməsindən, qeyri-məşğul əhalinin işlə təmin olunması imkanlarının genişləndirilməsi üçün peşə hazırlığı kurslarının təşkilinin vacibliyindən danışmışlar.
Bildirilmişdir ki, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə dəstəyi ilə yaradılan Göyçay Regional Peşə Tədrisi Mərkəzində işaxtaran və işsiz vətəndaşlar üçün modul tədris proqramları əsasında peşə hazırlığı kursları təşkil olunacaqdır.
Göyçay, Ağsu, Şamaxı, Kürdəmir, Ucar, İsmayıllı, Ağdaş, Yevlax və Zərdab rayonlarını əhatə edən bu regional peşə tədrisi mərkəzində kompyuter istifadəçisi, ingilis dili, videooperator, elektrik montyoru, bərbər, traktorçu-maşinist, dərzi, xalçaçı, toxucu, qənnadçı, mobil telefon aparatlarının təmirçisi, elektrik-təbii qaz qaynaqçısı, dülgər, tornaçı, quraşdırıcı çilingər, avtomobillərin təmiri üzrə çilingər, mebel quraşdırıcısı, lift mexaniki ixtisasları üzrə təşkil olunacaq peşə hazırlığı, yenidənhazırlıq və ixtisasartırma kursları vətəndaşların işlə təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.
Mərkəzin üçmərtəbəli inzibati binası müasir standartlara uyğun inşa olunmuş, kompyuter avadanlıqları, bərk və yumşaq inventarlarla təchiz edilmişdir.
Mərkəzdə 30 sinif otağı və 36 nəfər üçün yataq otaqları, emalatxana, yeməkxana, iclas zalı və qazanxana fəaliyyət göstərir.
Tədris mərkəzinin idarə olunması işində 15 nəfər mütəxəssis çalışır. Ümumilikdə isə 50-yə yaxın müəllim və usta mərkəzin müdavimləri üçün təşkil olunacaq peşə hazırlığı kurslarında çalışacaqdır.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatları Çingiz Əsədullayev və Sabir Hacıyev, ətraf rayonların məşğulluq mərkəzlərinin direktorları iştirak etmişlər.
Bundan əvvəl ilk peşə hazırlığı mərkəzi Bakı şəhərində yaradılmışdır. Gələcəkdə belə mərkəzlərin Naxçıvan, Tovuz və Yevlax şəhərlərində də açılması nəzərdə tutulur.