CƏMİYYƏT
Göyçayda yerli özünüidarəetmədə gender bərabərliyi mövzusunda təlim keçirilib
![Göyçayda yerli özünüidarəetmədə gender bərabərliyi mövzusunda təlim keçirilib](/files/2019/3/1200x630/15742573311689339499_1200x630.jpg)
Bakı, 20 noyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədilə 2012-ci ildən başlayaraq “Dayaq” Mentorluq proqramı həyata keçirir. Bu il ərzində yerli icra hakimiyyətinin, bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində regionlarda və Bakının rayonlarında təlimlər keçirilir.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 20-də Göyçayda yerli icra hakimiyyəti orqanlarında və bələdiyyələrdə çalışan nümayəndələr üçün maarifləndirici təlim təşkil edilib.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova tədbirdə çıxış edərək ölkəmizdə qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə rayonda həyata keçirilən tədbirlər haqqında iştirakçılara məlumat verib.
Sonra çıxış edən Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov dövlət qadın siyasəti, qadınların qərarqəbuletmədə təmsilçiliyi, bələdiyyə sistemində fəallığı, gender bərabərliyi, BMT-nin Dayanaqlı İnkişaf Məqsədləri, stereotiplərlə mübarizə və digər mövzular barədə iştirakçıları məlumatlandırıb.
Təlim çərçivəsində “Dövlət qadın siyasəti” adlı qısametrajlı film nümayiş etdirilib. Filmdə qadınların idarəetmədə təmsilçiliyinin artırılması məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş qərarlar, Pekin Konfransı, qanunvericiliyin təkmilləşdirilməsi, gənc qadınların ölkənin inkişafına töhfəsi və s. əks olunub.
Bələdiyyə və QHT nümayəndələri, həmçinin ali təhsil ocaqlarının müəllimlərinin iştirak etdikləri təlimdə dövlət qadın siyasəti, gender bərabərliyi, məişət zorakılığı, qadınların liderlik keyfiyyətləri, qadınların qərarqəbuletmədə təmsilçiliyi və digər mövzularda məlumatlar verilib.
İştirakçılara “Qadın hüquqlarının müdafiəsi: Beynəlxalq və milli aspektlər” və “Liderlik təlimatı” adlı maarifləndirici vəsaitlər paylanıb.
Noyabr ayında, həmçinin İsmayıllı, Qəbələ, Xaçmaz, Sabirabad və digər rayonlarında da təlimlər keçiriləcək.