SİYASƏT
GUAM müşahidəçiləri Ukraynada seçkiləri tanımışlar
Kiyev, 26 may (AZƏRTAC). Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın (GUAM) rəsmi müşahidəçilər qrupunun fikrincə, Ukraynada prezident seçkiləri beynəlxalq öhdəliklərə və demokratik seçki standartlarına müvafiq qaydada təşkil edilmiş və keçirilmişdir.
GUAM-ın baş katibi Valeri Çeçelaşvili bu sözləri bu gün Kiyevdə keçirilən brifinqdə söyləmişdir.
GUAM-ın baş katibi demişdir: “Ukraynada prezident seçkiləri beynəlxalq öhdəliklərə və demokratik seçki standartlarına, o cümlədən ATƏT-in və Avropa Şurasının standartlarına, habelə Ukraynanın milli qanunvericiliyinə, eləcə də Ukrayna Mərkəzi Seçki Komissiyası tərəfindən işlənib hazırlanmış qaydalara və prosedurlara müvafiq qaydada təşkil edilmiş və keçirilmişdir. Rəqabət ruhunda keçmiş bu seçkiləri bütövlükdə azad və ədalətli seçkilər kimi müsbət qiymətləndirmək olar”.
Onun sözlərinə görə, aparılmış monitorinqin yekunlarına əsasən, ümumi seçki prosesi, komissiyaların seçki məntəqələrində fəaliyyəti və seçkilərin təşkili GUAM-ın müşahidəçilər qrupunu qane etmişdir.
Vurğulanır ki, qrupun iradları səsvermənin nəticələrinə təsir göstərə bilməz.
V.Çeçelaşvili qeyd etmişdir ki, bu bəyanat Kiyev şəhərindəki 217, 219, 220, 222 və 223-cü seçki dairələrinin 52 seçki məntəqəsində, Borispol şəhərindəki 99-cu seçki dairəsinin 7 seçki məntəqəsində və Brovarı şəhərindəki 98-ci seçki dairəsinin 5 seçki məntəqəsində aparılmış müşahidələr əsasında tərtib edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev