GUAM ÖLKƏLƏRİNİN YAZIÇILARI İLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, iyunun 2-də GUAM ölkələri gənc yazıçı və şairləri konfransının iştirakçıları Fəxri xiyabanda olmuş, ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə güllər qoymuşlar.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət etmişlər.
Sonra nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevlə görüşmüşdür.
Ə.Qarayev bildirmişdir ki, bu layihə uzun illər hazırlanmışdır. Gənc yazıçı və şairlərin fəaliyyətinin başlıca yekunu “GUAM ölkələri ədəbiyyatlarından seçmələr” toplusunun buraxılmasıdır. Və bu, sevindirici haldır, çünki mədəniyyətlərin təması ədəbiyyat vasitəsilə sıx əməkdaşlığın əsasını qoyur. Bu əməkdaşlıqda gənc nəslin iştirakı xüsusilə vacibdir.
Qonaqlar bildirmişlər ki, bu yaxınlarda Azərbaycan diasporunun vəsaiti hesabına “Azərbaycan nağılları” kitabı Ukrayna dilində buraxılmışdır. Hazırda Qurani Kərim kitabı Ukrayna dilinə tərcümə olunur. Yeri gəlmişkən, ötən il Gürcüstanda gürcü dilində nəşr olunan Quranın tərcüməsini İran mütəxəssisləri yüksək qiymətləndirmişlər.
Nümayəndə heyəti Ə.Qarayevlə söhbətdə GUAM yazıçılarının PEN-klubunun yaradılması təklifini irəli sürmüşdür. Nazir bu təklifi dəstəkləmişdir. Yeni təşkilatın hüquqi baxımdan formalaşdırılması məqsədilə bu məsələni dekabrda Avropa Şurası mədəniyyət nazirlərinin qurultayı çərçivəsində keçiriləcək GUAM ölkələri mədəniyyət nazirlərinin müşavirəsinin gündəliyinə daxil etmək təklifini irəli sürmüşdür. Bundan əlavə, Ə.Qarayev gələcək PEN-klubun üzvlərinə “GUAM ölkələrinin mətbəxi və ənənələri” mövzusunda ədəbi əsərlərin nəfis tərtibatlı kitab şəklində buraxılmasını da təklif etmişdir.