Gülə-gülə gəlib-gedən Böyük çillə VİDEO
Bu gecədən Kiçik çillə başlayır
Lənkəran, 31 yanvar, Bağır Əliyev, AZƏRTAC
Xeyirin Şərlə, yazın, yeniliyin qışla, köhnəliklə mübarizəsi özünü xalqımızın Novruz bayramı mərasimlərində bütün aydınlığı ilə əks etdirib. Novruza, işığa, diriliyə, oyanışa başqa sözlə bahara, yaza hazırlıq dekabrın 21-dən başlayır və 3 mərhələdə davam edir. Birinci mərhələyə dekabrın 21-dən yanvarın 31-dək olan dövr (Böyük çillə), ikinci mərhələyə fevralın 1-dən 20-dək olan dövr (Kiçik çillə), üçüncü mərhələyə isə fevralın 21-dən martın 21-dək olan dövr (Boz ay) daxildir.
Beləliklə, bu gün qışın Böyük çilləsi bitir, Kiçik çillə başlayır. Azərbaycanın hər bir bölgəsində özünəməxsus çillə adət-ənənələri mövcuddur. Belə bölgələrdən biri də cənub zonasıdır. Lənkəran şəhər sakini Ziba Ağazadə AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bu adət-ənənələrdən danışıb.
Onun sözlərinə görə, Lənkəranda dekabrın 20-dən 21-nə keçən gecəyə “çillə gecəsi” deyilir. Bu axşam çillə qarpızı kəsilməli və ağ boranı qaynadılmalıdır. Bunların xalq arasında xüsusi mənaları var. İnsanlar Böyük çillənin soyuğundan, şaxtasından qorxmadıqlarını bildirmək üçün yaydan saxladıqları qarpızı kəsir və hesab edirlər ki, “kim çillə qarpızı yesə, qışda üşüməz”. Ağ boranı isə baharın, istiliyin, hərarətin simvolu sayılır. Qarpız həm də yaşıllığı, bolluğu ifadə edir. Daha maraqlı cəhət ondan ibarətdir ki, çillə gecəsindən bir qədər əvvəl nişanlı qızların evinə “çillə xonçası” göndərilir. Həmin xonçada zərlə, rəngbərəng lentlərlə bəzədilmiş qarpızla yanaşı, Günəşi, baharı simvolizə edən müxtəlif bayram şirin çörəkləri, balıq, üzüm, eləcə də geyim əşyaları göndərilir. Bir sözlə, çillə gecəsinin (şəbi-yeldanın, yəni ən uzun gecənin) hərarəti, odu, istisi qışın, soyuğun gəlişini az qala unutdurur.
Həmsöhbətimiz Lənkəranda çillə qarpızı ilə bağlı çoxsaylı söyləmələrdən birini səsləndirir:
“Əlimi bıçaq kəsibdi,
Dəstə bıçaq kəsibdi,
Yarın çillə qarpızı,
Yastı bıçaq kəsibdi.
Əlbəttə, burada “çillə” sözü, əslində, qışın, xalq arasında deyildiyi kimi, qara qışın sinonimi, sərt qışın əvəzedicisi kimi çıxış edir. Elmi ədəbiyyatda, eləcə də xalq arasında “çillə” (qırx gün) sözü gələn dərd-bəla, ağrı-acı, çətinlik, müşkül mənasında işlənir. Xalq arasında “çillə çəkmək”, “çillə tökmək”, “çillə kəsmək” deyimləri də vardır ki, həmin ifadələr, əslində, əzab-əziyyət çəkmək, dərd-bəlanı tökmək, ağrı-acını, xəstəliyi, müşkülü kəsmək, yox etmək mənasını verir”.
Lənkəran şəhər sakini qeyd edir ki, dekabrın 21-dən başlayaraq 60 günlük bir müddəti özündə birləşdirən, dərd-bəla, müşkül, çətinlik kimi qəbul edilən qara qış iki yerə bölünərək Böyük çillə (böyük çətinlik) və Kiçik çillə (kiçik çətinlik) adlandırılır. Böyük çillədə sərt qışın yaratdığı çətinliklərə baxmayaraq, insanların ona münasibəti Kiçik çillədən fərqlidir. Böyük çillədə rəhm, insanları çətinliyə, ağırlığa salmaq cəhdi hiss olunmur. Bunu Böyük çillə ilə Kiçik çillənin görüşünü əks etdirən söyləmələr də aydın göstərir. Aşağıdakı nümunə buna sübutdur:
Böyük çillə
Boyu bir belə,
Gəldi elə
Gülə-gülə,
Getdi gülə-gülə.
Kiçik çillə
Boyu bir belə,
Hikkəsi bir belə.
Gəlişi oldu
Hayınan,
Gedişi oldu
Vayınan.
“Vaxtilə Böyük çillə girəndə və çıxanda insanlar məclis qurar, şirniyyat, isti xörəklər bişirər, deyib-gülərdilər. Bir cəhəti xüsusi vurğulamaq istəyirəm ki, Böyük çillə ilə bağlı yaddaşımda yaxın tarixdən çoxlu xatirələr qalıb. Belə ki, hələ 60-70-ci illərdə evlərdə televizor və digər texniki informasiya vasitələrinin geniş istifadə olunmadığı dövrlərdə Böyük çillə gecələrində qara qışı yola vermək üçün insanlar şam yeməyindən sonra bir-birinə qonaq gedər, uzun gecəni nağıllarla, əfsanələrlə bəzəyərdilər. Hətta bu söhbətlər o qədər şirin olardı ki, sübhün açıldığını belə hiss etməzdik. Böyük çillənin müxtəlif vaxtlarında qabaqcadan edilən niyyətlərə görə bir çox evlərdə səməni halvası bişirilərdi. Bunların bir qismi unudulsa da, xalq “çillə” adətlərini yaşatmaqdadır”, - deyə Ziba Ağazadə bildirir.