SİYASƏT
GUÖAM-ın ÜZVÜ OLAN DÖVLƏTLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİ GÖRÜŞÜNÜN RƏSMİ MƏLUMATI
Bakı şəhəri
2 iyul 2002-ci il
2002-ci il iyulun 2-də Bakı şəhərində (Azərbaycan) Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna xarici işlər nazirlərinin növbəti görüşü keçirilmişdir.
Görüşdə əməkdaşlığın və GUÖAM birliyinin inkişafının aktual məsələləri müzakirə olunmuşdur. Nazirlər GUÖAM dövlətləri başçılarının bu il iyulun 19-20-də Yalta şəhərində (Ukrayna) keçiriləcək növbəti Sammitinin hazırlanması prosesini müzakirə etmiş və gündəliyin layihəsini, habelə bu görüşə qonaq qismində dəvət olunmuş ölkələrin və beynəlxalq təşkilatların siyahısını razılaşdırmışlar.
Nazirlər Milli Əlaqələndiricilər Komitəsinin (MƏK) bu il yanvarın 24-25-də Tbilisi şəhərində (Gürcüstan) keçirilmiş VIII iclasının, habelə MƏK-in 2002-ci il iyulun 1-də Bakı şəhərində olmuş növbədənkənar iclasının qərarlarının yerinə yetirilməsinin gedişini müzakirə etmişlər.
Nazirlər 2002-ci il iyulun 16-da Kiyevdə GUÖAM-ın İnformasiya ofisinin təqdimat mərasimini keçirmək və 2002-ci il iyulun 19-20-də Yalta şəhərində GUÖAM-ın Sammitinin gedişində İnformasiya ofisi haqqında Müvəqqəti əsasnamə imzalamaq barədə razılığa gəlmişlər.
Nazirlər GUÖAM-ın fəaliyyətində müşahidəçilərin statusu haqqında Qərarı paraflamış və onun qarşıdakı Yalta Sammitində imzalanması yolu ilə iştirakçı dövlətlərin başçıları tərəfindən qəbul olunmasını tövsiyə etmişlər.
Nazirlər GUÖAM-ın iqtisadi əməkdaşlığını dərinləşdirməyin xüsusi əhəmiyyətini vurğulamış və bu sahədə bir sıra təşəbbüsləri nəzərdən keçirmiş, o cümlədən Yalta Sammitində azad ticarət zonası yaradılması haqqında Saziş imzalanmasını dəstəkləmişlər.
Nazirlər GUÖAM Dövlətlərinin Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin 2002-ci il iyulun 19-20-də Yaltada dövlət başçılarının Sammitində qəbul olunması məqsədi ilə onun layihəsini baxılmaq üçün qəbul etmişlər.
Nazirlər GUÖAM-ın 2002-2003-cü illər üçün Fəaliyyət proqramını təsdiqləmişlər.
Nazirlər GUÖAM-ın nəqliyyat dəhlizlərinin təhlükəsiz və səmərəli fəaliyyət göstərməsi məsələlərinə dair GUÖAM ekspertlərinin Bakı görüşünün (7-8 noyabr 2001-ci il) yekunlarının yerinə yetirilməsinin gedişini müzakirə etmiş və 2002-ci il iyulun 19-20-də Yalta şəhərində Sammit çərçivəsində GUÖAM ölkələri nəqliyyat nazirlərinin görüşünü keçirmək təklifini dəstəkləmişlər.
Nazirlər GUÖAM-ABŞ əməkdaşlığı məsələlərini nəzərdən keçirmiş və bu əməkdaşlıq çərçivəsində, o cümlədən terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizə, kütləvi qırğın silahlarının yayılmaması, fövqəladə halların nəticələrinin aradan qaldırılması, nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və səmərəli fəaliyyətinin təmin olunması və sərhədlərə nəzarətin gücləndirilməsi sahəsində konkret layihələr işlənib hazırlanması üçün tezliklə GUÖAM dövlətləri və ABŞ ekspertlərinin görüşünün keçirilməsinin vacibliyini qeyd etmişlər.
Nazirlər beynəlxalq terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizənin, o cümlədən terrorizmin maliyyələşdirilməsi ilə mübarizənin öz ölkələri tərəfindən tam dəstəkləndiyini təsdiqləmiş, bu bəlaya və onunla bağlı olan təcavüzkar separatizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və qanunsuz silah ticarəti kimi risklərə müqavimət göstərməyə hazır olduqlarını bəyan etmiş, habelə 2002-ci il iyulun 19-20-də GUÖAM-ın Sammitində dövlət başçıları tərəfindən müvafiq Bəyannamə qəbul edilməsini dəstəkləmişlər.
Nazirlər öz ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə yönəldilmiş hər hansı hərəkətləri, o cümlədən təcavüzü və silahlı qüvvə tətbiqinin hüquqa zidd hər cür formasını, habelə GUÖAM-ın üzvü olan dövlətlərdən bəzilərinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı və ekstremist qüvvələrin kənardan dəstəklənməsini qətiyyətlə pisləmişlər. Nazirlər davam edən münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə aradan qaldırılmasının zəruriliyini vurğulamışlar.
Bununla əlaqədar GUÖAM ölkələrinin digər dövlətlər və beynəlxalq təşkilatlarla 2001-ci il 11 sentyabr hadisələrindən sonra xüsusi aktuallıq kəsb edən təhdidlərin və risklərin aradan qaldırılmasına yönəldilmiş qarşılıqlı fəaliyyəti dəstəkləndiyi ifadə olunmuşdur.
Nazirlər Özbəkistan Respublikasının GUÖAM-ın tədbirlərində öz iştirakını dayandırmaq qərarı ilə əlaqədar birgə bəyanat qəbul etmişlər.