Gürcüstan Dövlət Audit İnstitutunun nümayəndələri Hesablama Palatasında təlimlər keçib
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasında Gürcüstan Dövlət Audit İnstitutunun nümayəndələri tərəfindən “Təlimçilərin təlimi” mövzusunda təlimlər keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, Gürcüstan Dövlət Audit İnstitutunun təlimçiləri Tinatin Sıkmaşvili, Nino Xurodze, Qvantsa Vaxtanqaşvili tərəfindən keçirilən təlimlərdə iştirakçıların təlim ehtiyaclarının öyrənilməsi, təlimin dövrü, prinsipləri, üsulları, təlim zamanı rast gəlinən çətinliklər, eləcə də müxtəlif iştirakçılar və onlarla ünsiyyətin qurulması, vaxtın idarə edilməsi, qiymətləndirilməsi ilə bağlı ətraflı bəhs olunub.
Təlimin sonunda Hesablama Palatasının əməkdaşları müvafiq sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış Memorandum çərçivəsində, həmçinin Hesablama Palatasının Təlim Strategiyası sənədinə uyğun olaraq əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil edilib.