GÜRCÜSTAN PREZİDENTLİYİNƏ NAMİZƏD MİXAİL SAAKAŞVİLİ PREZİDENT HEYDƏR ƏLİYEVİN DƏFN MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Binə hava limanında Mixail Saakaşvili AZƏRTAC-ın müxbirinə demişdir: “Heydər Əliyev nəinki Azərbaycanda, bütün MDB məkanında və dünyada böyük nüfuza malik bir şəxsiyyət idi. Qafqaz respublikaları arasında, xüsusən Gürcüstanla Azərbaycan arasında əlaqələrin inkişaf etməsində Heydər Əliyevin müstəsna rolu olmuşdur. İndiki və gələcək nəsillər Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq, onun yaratdıqlarından bəhrələnəcəklər. Bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələri inkişaf edəcək, hər iki xalqın indiki və gələcək nəsilləri təməli qüdrətli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəklər. Allah Heydər Əliyevə rəhmət eləsin”.
X X X
Gürcüstan prezidentliyinə namizəd Respublika sarayına gələrək, Azərbaycan xalqının şöhrətli oğlu, ümummilli liderimiz Heydər Əliyevlə vidalaşma mərasimində iştirak etmiş, Azərbaycan Prezidenti İlham Əliyevə dərin hüznlə başsağlığı vermişdir.
M.Saakaşvili həmin gün Tbilisiyə qayıtmışdır.