Gürcüstan qəzeti Marneulidə yaranan qızlardan ibarət ilk basketbol komandasından yazır
Tbilisi, 11 fevral, AZƏRTAC
Gürcüstanın “Sakartvelo Respublika” qəzetində Marneulidə ilk dəfə yaradılan azərbaycanlı qızlardan ibarət basketbol komandası barədə məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Marneulidə belə bir komandanın yaradılması yüksək qiymətləndirilib və bu cür təşəbbüslərin dəstəklənməsinin vacibliyi qeyd olunub.
Bildirilir ki, gənc azərbaycanlı qızlardan ibarət basketbol klubu Marneulidə yaşayan Fidan Bayramovanın təşəbbüsü ilə təsis olunub. Marneulidəki 8 saylı açıq tipli məktəbin 11-ci sinfində təhsil alan idmançı həm də komandanın baş məşqçisidir. Onun yeganə məqsədi basketbolçu olmaq və Gürcüstanın milli komandasında yer almaqdır. Azərbaycanlı qızlardan ibarət basketbol komandasını yaratmaq ideyası da bu xanıma aiddir. O, öz ideyası barədə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) icraçı direktoru Orxan Pirverdiyevə məlumat verib və mərkəz rəhbəri ideyanı dəstəkləyib.
Komandanın maddi-texniki problemləri də GAİM-in hesabına həll olunur.
Eyni zamanda, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bu kimi məsələlərdə Gürcüstanda yaşayan azərbaycanlılardan dəstəyini əsirgəmir.
F.Bayramova GAİM-n xətti ilə Komitə rəhbərliyinə müraciət etmək fikrindədir.
Qadınların idmana marağının hədsiz dərəcədə çox olduğunu vurğulayan F.Bayramova deyir: “Hər bir idman növü yalnız oğlanlar üçün nəzərdə tutulub, qadınlarımızın idmanla məşğul olmaq şansı heç vaxt olmayıb. Yaratdığımız basketbol klubu regionda yaşayan azərbaycanlı qadınlar üçün ilk idman klubudur. İnanıram ki, bu cür komandalarımızın sayı çox olacaq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi