Gürcüstandakı soydaşlarımıza ərzaq yardımı davam etdirilir
Tbilisi, 29 aprel, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədəki Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) Prezident İlham Əliyevin çağırışına qoşularaq soydaşlarımıza yardım kampaniyasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, səfirliyin təşəbbüsü və təşkilatçılığı, AZEBİ-nin maliyyə dəstəyi ilə hazırlanan ərzaq sovqatı soydaşlarımıza çatdırılması üçün aprelin 29-da azərbaycanlıların yığcam yaşadıqları Kaxetiya bölgəsinin Telavi şəhərinin meriyasına təqdim olunub.
Ərzaq sovqatı təqdim ediləndən sonra keçirilən görüşdə Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili bu çətin vaxtlarda edilən yardıma görə təşəkkürünü bildirib. O, Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu vurğulayıb.
Səfir Dursun Həsənov bu cür yardım aksiyalarının ölkələrimiz arasındakı dostluq münasibətlərinin bariz göstəricisi olduğunu vurğulayıb. O, yardımların davam etdiriləcəyini bildirib.
Görüşdə qeyd edilib ki, Kaxetiyada yaşayan azərbaycanlılar üçün koronavirusdan qorunmaqla bağlı Azərbaycan dilində məlumatlandırma bukleti hazırlanıb və onlara paylanılıb.
Bildirilib ki, 200 ailə üçün nəzərdə tutulmuş bu yardımlar tez bir zamanda sahiblərinə çatdırılacaq.
Həmçinin bu ərzaq bağlamalarının bir hissəsinin Kaxeti bölgəsinin Siqnaqi şəhərində fəaliyyət göstərən uşaq evinə təqdim ediləcəyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, indiyədək səfirliyin təşəbbüsü və təşkilatçılığı, AZEBİ-nin maliyyə dəstəyi ilə ümumilikdə 1300 ailəyə ərzaq yardımı təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi