GÜRCÜSTANIN SABİQ DÖVLƏT BAŞÇISI EDUARD ŞEVARDNADZE PREZİDENT HEYDƏR ƏLİYEVİN DƏFN MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Binə hava limanında Eduard Şevardnadzeni Azərbaycanın Baş naziri Artur Rasizadə qarşılamışdır.
Jurnalistlərə ayaqüstü müsahibə verən cənab Şevardnadze əziz dostu Heydər Əliyevin vəfatının təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz üçün, eləcə də dünya üçün böyük itki olduğunu vurğuladı. O dedi ki, yaşımın bu çağında uzun illərin sınağından çıxmış sədaqətli dostumu itirməyim məni son dərəcə kədərləndirmişdir. Unudulmaz Heydər Əliyevin həyata keçirmək istədiyi bir sıra böyük layihələr var idi. Ümid edirəm ki, bunlar mütləq həyata keçiriləcəkdir. Heydər Əliyev təkcə mənim deyil, bütün Gürcüstan xalqının dostu və qayğıkeşi idi. Onun dünyasını dəyişməsi gürcüləri də azərbaycanlılar qədər kədərləndirmişdir. Mən Bakıya əziz və unudulmaz dostumla vidalaşmağa, onun ailəsinin, yaxınlarının, Azərbaycan xalqının kədərinə şərik olmağa gəlmişəm.
X X X
Eduard Şevardnadze hava limanından Prezident Heydər Əliyevlə vidalaşma mərasiminin keçirildiyi Respublika sarayına gəlmişdir. Onun adından Azərbaycanın ümummilli lideri Heydər Əliyevin cənazəsi önünə əklil qoyulmuşdur. Uzun illərin dostu ilə son dəfə vidalaşan Eduard Şevardnadze Azərbaycan Prezidenti İlham Əliyevə, onun ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş, xalqımızın kədərinə şərik olduğunu söyləmişdir.
X X X
Gürcüstanın sabiq prezidenti vidalaşma mərasimindən sonra vətənə qayıtmışdır.