Gürcüstanlı gənclər Tbilisidə Xocalı soyqırımına həsr olunmuş yürüş-mitinq keçirmişlər
Tbilisi, 26 fevral (AZƏRTAC). Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva AZƏRTAC-ın xüsusi müxbirinə demişdir ki, mərkəz Gürcüstanda Xocalı ayı çərçivəsində müxtəlif bölgələrdə bir sıra tədbirlər keçirmiş, soyqırımını törədənlər, onların hələ də layiqli cəzalarını almadıqları, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri terror aktları və başqa məsələlər barədə iştirakçılara geniş məlumat verilmişdir.
Yekunda “GEO visiois”in Tbilisidəki ofisində gürcü və azərbaycanlı gənclərin iştirakı ilə geniş toplantı təşkil olunmuş, iştirakçılar Xocalı soyqırımı barədə ətraflı məlumatlandırılmışlar.
N.Əliyeva demişdir ki, gənclər Heydər Əliyev adına Fondun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası barədə informasiyaya böyük maraq göstərmişlər.
Tədbir iştirakçıları Gürcüstan paytaxtının mərkəzi küçələrində yürüş-mitinq keçirmiş, yerli sakinlərə, qonaqlara Xocalı faciəsindən bəhs edən informasiya bukletləri paylanmışdır.
Gürcüstanın Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri Samirə İsmayılova Xocalı soyqırımının təbliği yönümündə mühüm işlər görüldüyünü, gürcü gənclərə bu faciə barədə ətraflı məlumat verildiyini demişdir. O, silsilə tədbirlərin yekunu olaraq Tbilisidəki “Ambasadorial” mehmanxanasından Sülh körpüsünədək “Xocalıya ədalət!”, “Xocalı harayı” çağırışı ilə yürüş-mitinq keçirildiyini, burada azərbaycanlılarla yanaşı, təxminən 100 nəfər gürcü gəncin də iştirak etdiyini vurğulamışdır.
İştirakçılar Sülh körpüsündən 50-dək şarı səmaya buraxmış, yolboyu əhaliyə Xocalı soyqırımına həsr olunmuş bukletlər paylamışlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi