Hadrut Qovşaq Yarımstansiyası Füzuli, Cəbrayıl və Şuşanın enerji təminatında əlaqələndirici rol oynayır
Füzuli, 8 may, Aydın Yavərzadə, AZƏRTAC
Prezident İlham Əliyevin iştirakı ilə “Azərişıq” ASC-nin bir neçə obyektinin açılışı olub. Bunlar Hadrut Qovşaq Yarımstansiyası və Regional tədris mərkəzi, digəri isə Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə mərkəzidir. Hər iki obyekt Qarabağda böyük əhəmiyyətə malikdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə işğaldan azad olunan ərazilərə təşkil edilən mediatur zamanı "Azərişıq" ASC-nin İnnovasiya Mərkəzinin rəhbəri Araz Məmmədzadə açıqlamasında bildirib.
Əvvəlcə Hadrut Qovşaq Yarımstansiyası və Regional tədris mərkəzi haqda danışan Araz Məmmədzadə qeyd edib ki, həmin obyekt Hadrut qəsəbəsi ərazisində yerləşir. "Yarımstansiya bir neçə yarımstansiyalarla əlaqəli olduğu üçün və coğrafi mövqeyi əlverişli sayıldığına görə, Füzuli, Cəbrayıl və Şuşa şəhərinin elektrik enerjisi təminatında əlaqələndirici rol oynayır və sözügedən ərazilər istiqamətində elektrik enerjisini ötürməyə imkan yaradır. Digər tərəfdən də Hadrut qəsəbəsində həm də regional tədris kompleksinin də açılışı olub ki, bu da Qarabağ ərazisində yaşıl enerji zonası üçün kadr potensialının hazırlanmasında böyük əhəmiyyət daşıyır. Eyni zamanda, həmin kompleksdə laboratoriya mərkəzi, transformator sexi, logistika mərkəzi yer alır.
Digər obyekt isə Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə mərkəzidir. Bu rəqəmsal yarımstansiyanın yaşıl enerji zonası tələblərinə uyğun qurulması və rəqəmsal həllərin tətbiqi üçün böyük əhəmiyyəti var. Ətraf yarımstansiyalar və yaşıl enerji zonasının paylayıcı şəbəkələri ilə bilavasitə əlaqələndirilərək müasir texnologiyalarla inteqrasiyası təmin edilib. Ənənəvi yarımstansiyalardan fərqli olaraq rəqəmsal yarımstansiyada bütün avadanlıqlar və şəbəkə elementləri vahid kompleks şəklində nəzarətdə saxlanılır. Bu da bütün abonentlərin hər birini fərdi qaydada ayrı-ayrılıqda keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməyə imkan yaradır".