HAKİMLƏRİN İXTISASININ ARTIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin tədrisinin mühüm əhəmiyyəti nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə ardıcıl tədbirlər görülür.
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildirmişlər ki, Şura tərəfindən beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə səmərəli əməkdaşlıq çərçivəsində hakimlər və dövlət ittihamını müdafiə edən prokurorlar üçün “İnsan alverinə qarşı mübarizə” mövzusunda ikigünlük seminar təşkil olunmuşdur.
İnteraktiv metodlarla Məhkəmə-Hüquq Şurasında keçirilən seminar zamanı insan alveri ilə bağlı beynəlxalq sənədlərdən irəli gələn öhdəliklər, bu sahədə dövlətdaxili hüquqi vasitələr və s. mövzular üzrə təcrübəli beynəlxalq ekspertlərin mühazirələri dinlənilmiş, səmərəli təcrübə mübadiləsi və müzakirələr keçirilmişdir.