AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın Qaçaqmalçılıqla Mübarizə İdarəsinin və Federal Gömrük Xidmətinin əməkdaşları ölkənin ən böyük liman şəhəri Hamburqda sahilə yan almış gəminin yükünü yoxlayan zaman dünyanın tanınmış müəssisələrinin istehsalı adı altında 383 milyon avro məbləğində saxtalaşdırılmış, aşağı keyfiyyətli əmtəə aşkar etmişlər. Asiya ölkələrində (ölkələrin adı hələlik məxfi saxlanır) Nike, Puma, Ribbek, Adidas kimi firmaların idman geyim formaları və ayaqqabıları, Rolex, Choped kimi firmaların saatları, digər tanınmış firmaların toxuma-tekstil məhsulları saxtalaşdırılaraq etiketlənmiş və 117 konteynerə qablaşdırılmışdır. Bu konteynerlər Avstriya, Macarıstan və İtaliyaya ötürülməli imiş. Gömrükçülər etiraf edirlər ki, Hamburq limanında indiyədək belə rekord miqdarda saxta qaçaqmalı tutulub müsadirə olunmamışdır.
Müsadirə olunmuş qaçaqmalı kütləsinin yandırılaraq məhv ediləcəyi gözlənilir. Qaçaqmalını Almaniyada qəbul edib yola salmalı olan işbazlar, Avstriya, Macarıstan və İtaliyada malın yolunu gözləyən “qara bazar” alverçiləri hələ də cəsarətə gəlib özlərini təqdim etməmişlər.
Hamburq gömrükçüləri bildirirlər ki, limanda saxta malların müsadirəsi adi hala çevrilmişdir və bu hadisələrin sayı son zamanlar artmaqdadır. 2004-cü ildə limanda 46 milyon, 2005-ci ildə 213 milyon, 2006-cı ildə isə 500 milyon avro dəyərində saxta əmtəə aşkar edilmişdir.