Hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə
Bakı, 21 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika, kimya, fizika, coğrafiya, tarix və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat başlayır.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin axırıncı kurs tələbələri və magistrantlar iştirak edə bilərlər.
Kurslara qeydiyyat oktyabrın 13-dək aparılacaq.
Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında yerləşdirilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra elektron qeydiyyatdan keçmək lazımdır.
Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunaсaqlar.
Pedaqoji yönümlü ali məktəblərin bakalavriat səviyyəsinin axırıncı kurs tələbələri və magistrantlar üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.
Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər (012) 310- 53-16 (daxili nömrə: 1532) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Regional bölmələrin ünvanları və əlaqə vasitələri DİM-in saytında yerləşdirilib.