“Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib
Bakı, 9 may, AZƏRTAC
9 May - faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. Müsabiqə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mövcud karantin rejimi ilə əlaqədar onlayn formada keçirilən müsabiqənin əsas məqsədi böyüməkdə olan nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqət və qayğının daha da artırılması, 1941-1945-ci illər Böyük Vətən müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, eyni zamanda, istedadlı və perspektivli gənclərin üzə çıxarılmasından ibarətdir.
Qeyd edək ki, 3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə keçirilən müsabiqəyə uşaq-gənclər inkişaf mərkəzlərinin 220 dərnək üzvü tərəfindən ümumilikdə 250 rəsm işi onlayn formada göndərilib. Müsabiqəyə təqdim edilən işlər A-4 formatında, müxtəlif texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya) işlənib.
Yekunda münsiflər heyəti tərəfindən I, II və III yerlərin qalibləri müəyyənləşdirilərək diplomlarla mükafatlandırılıb.