Həmkarlar İttifaqları Konfederasiyası şimal-qərb bölgəsində aztəminatlı ailələrə ərzaq yardımı edib
Şəki-Zaqatala bölgəsi, 30 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarı ilə aztəminatlı ailələr üçün ərzaq sovqatının paylanılması kampaniyasına start verilib. Aksiya çərçivəsində respublikanın 76 şəhər və rayonu üzrə 3900 aztəminatlı ailəyə ərzaq sovqatı paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikanın şimal-qərb bölgəsinə daxil olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan aztəminatlı ailələr üçün nəzərdə tutulan 300 ərzaq bağlaması aprelin 29-da AHİK-in nümayəndələri tərəfindən ünvanlara çatdırılıb. Bölgüyə əsasən, bu rayonların hər birinə 50 ərzaq bağlaması göndərilib. Yardımlar AHİK-in yerli qurumlarının fəallarının iştirakı ilə qəbul edilib və aprelin 29-30-da aztəminatlı ailələrə paylanılıb.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aztəminatlı ailələrə, sosial müdafiəyə ehtiyacı olan insanlara dəstək məqsədilə digər qurumlar kimi, həmkarlar ittifaqları təşkilatları tərəfindən də mütəmadi olaraq belə sosial aksiyalar həyata keçirilir.