Həmvətənimiz Səid Allahverdiyev Moskvada tibb sahəsində namizədlik dissertasiyası müdafiə etmişdir
Moskva, 1 aprel (AZƏRTAC). Həmvətənimiz Səid Allahverdiyev Moskvada tibb sahəsində namizədlik dissertasiyası müdafiə edərək, dövlət xətti ilə xaricdə təhsil almış gənc azərbaycanlı alimlərin sıralarını genişləndirmişdir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti məzununun dissertasiyası “Əng cibi kistalarının müalicəsində optimal cərrahi müdaxilənin seçilməsi” mövzusunda olmuşdur. S.Allahverdiyevin elmi işi attestasiya komissiyası üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Gənc alimin elmi işi əng ciblərində kistaları olan xəstələrin cərrahi yolla müalicəsi metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. O, müasir diaqnostika metodlarından, o cümlədən əməliyyatdan əvvəl cib boşluğunu, kistanı görməyə, onun ölçülərini və dəqiq yerini müəyyənləşdirməyə imkan verməklə yanaşı, optimal cərrahi müdaxilə yolunu seçməyə kömək edən virtual endoskopiyanın imkanlarından geniş istifadə etmişdir. Həmyerlimiz endoskoplardan və digər müasir avadanlıq və alətlərdən istifadə etməklə, xəstələrin cərrahi yolla müalicəsinin müasir və daha yüngül metodlarına üstünlük vermişdir.
İxtisaslaşdırılmış tibb jurnallarında bir neçə elmi məqalə ilə çıxış etmiş S.Allahverdiyev dəfələrlə beynəlxalq konfrans və konqreslərdə məruzələr etmişdir.
Səid Allahverdiyev 1982-ci ildə Sumqayıtda anadan olmuşdur. 1999-cu ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib dövlət xətti ilə İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olmuş, 2005-ci ildə təhsilini başa vurmuşdur. 2007-2010-cu illərdə elə həmin ali məktəbin qulaq, boğaz, burun kafedrasında aspiranturada oxumuşdur.
RAGT-nin qabaqcıl üzvlərindən sayılan S.Allahverdiyev Rusiyadakı Azərbaycan gənclərinin həyatında fəal iştirak edir. O, gələcəyini Azərbaycanla bağlayan gənclərimizdəndir və tezliklə Vətənə qayıdıb bilik və təcrübəsini tətbiq etməyi planlaşdırır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
######
