Hər kəs yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Qaradağ Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda rayon müşavirəsi keçirilmişdir.
Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Bakı Regional Mərkəzinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov tədbirin əhəmiyyətindən danışmış, hər kəsin fövqəladə hallar zamanı davranış qaydalarını bilməsinin vacib olduğunu vurğulamışdır.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik Cəfər Məmmədov FHN-in gördüyü işlərdən danışaraq tədbirin məqsədi barədə məlumat vermişdir.
Sonra FHN-in fəaliyyəti barədə videoçarx nümayiş olunmuş, “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyinin problemləri və həlli”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar edilmişdir.
Natiqlərin hər biri əhalinin yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməsi, insanlar arasında profilaktik və maarifləndirmə işlərinin gücləndirilməsi, yaşayış binalarının tüstü bacalarının təmizlənməsi, elektrik, qaz, istilik sistemlərində baş vermiş nasazlıqların aradan qaldırılması, qeyri-standart və nasaz qızdırıcı avadanlığın istismardan çıxarılması kimi vacib məsələlərə toxunaraq bunların həlli istiqamətində əməli addımların atılmasının zəruriliyini qeyd etmişlər.