İQTİSADİYYAT
Hesablama Palatası ilə Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 21 may, Samirə Quliyeva, AZƏRTAC
“Gələcək Tvinninq layihəsinə hazırlıq işlərində Azərbaycan Respublikası Hesablama Palatasına dəstək” layihəsinin başlanması ilə bağlı Hesablama Palatasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Olaf Heydelbax və layihəni icra edəcək beynəlxalq ekspertlərlə görüş keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, görüşdə qısamüddətli xarakter daşıyan bu layihə üzrə gözlənilən nəticələr, nəzərdə tutulmuş tədbirlərin istiqamətləri, həmçinin Palatanın 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planının icrası ilə bağlı həyata keçiriləcək fəaliyyət planı müzakirə edilib. Eyni zamanda, Avropa İttifaqı ilə Hesablama Palatası arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Layihə cari il mayın 19-dan başlayıb və sosial əməkdaşlıq, o cümlədən maliyyə və dövlət idarəçiliyi sahələrində layihələrin idarə edilməsi və məsləhətçi xidmətlər üzrə texniki yardım xidmətini həyata keçirən İspaniyanın ACE Beynəlxalq Məsləhətçilər şirkəti tərəfindən icra edilir.