Hesablama Palatasının sədri SIGMA proqramının nümayəndəsi ilə görüşüb
Bakı, 8 fevral, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov SIGMA proqramının dövlət maliyyəsi və audit üzrə eksperti Alastair Svarbrik ilə görüşüb.
Palatadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı ekspert Hesablama Palatasının fəaliyyətinin əsaslarını tənzimləyən qanun, "2021-2025-ci illər üzrə Strateji Plan” və dövlət satınalmaları sahəsində auditə dair metodiki sənəd haqqında şərhlərini səsləndirib.
SIGMA eksperti qeyd edib ki, qanun əksər aspektlərdə INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsinin (IFPP) tələblərinə uyğundur. Daha sonra ekspert strateji idarəetmə çərçivəsinə toxunaraq Strateji Planın Hesablama Palatasının mövqeyinin (güclü, zəif tərəfləri və s.) geniş təhlilinə əsaslanan yaxşı sənəd olduğunu, yekun və aralıq nəticələrin məntiqi ardıcıl olduğunu qeyd edib. Daha sonra ekspert dövlət satınalmalarının auditinə dair metodiki sənədin INTOSAI GUID5280 tələbləri nəzərə alınmaqla auditlərin aparılmasına dair metodoloji sənədlərlə uzlaşmaqla hazırlandığını bildirib.
Vüqar Gülməmmədov aidiyyəti məsələlər haqqında bəhs edərək ali audit orqanı olan Hesablama Palatasının gördüyü işlərə dair eksperti məlumatlandırıb. O vurğulayıb ki, Hesablama Palatası beynəlxalq ali audit orqanları cəmiyyəti tərəfindən güclü strateji idarəetmə çərçivəsinə malik olan qurum kimi tanınır. Məhz bu səbəbdən INTOSAI-ın tövsiyələrinə əsasən digər ölkələrin ali audit orqanları bu işin qurulması və təkmilləşdirilməsi üçün ölkəmizin təcrübəsindən faydalanır. Sədr dövlət satınalmalarının auditinə dair metodiki sənəd barədə də danışıb, sənədin əsas məqsədinin satınalma sahəsində auditin bütün mərhələlərində vahid yanaşmanın və ümumi tələblərin müəyyən edilməsi, bu sahədə əməkdaşların peşəkarlığının artırılmasına şərait yaradılması olduğunu bildirib.
Görüşdə SIGMA eksperti yeni başlayacaq layihə çərçivəsində sahəvi istiqamətlərin müəyyən edilməsi və müzakirə olunan məsələlər üzrə dəstəyin göstərilməsində əməkdaşlıq əlaqələrinin daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.