HƏYATIMIZA GÖRƏ ONLARIN RƏŞADƏTİNƏ BORCLUYUQ
9 May - Qələbə günüdür
Yenə 9 May günü - faşizm üzərində böyük Qələbə günü yaxınlaşır. Vaxtilə hamımızın ümumi vətəni olan ölkənin vətəndaşları bu məmləkətin hansı guşəsində yaşamalarından, hansı millətə mənsub olmalarından asılı olmayaraq, həmin gün gülür və ağlayır, sevinir və kədələnirdilər.
Bu Qələbə bizə heç də asan başa gəlmədi. Onlarla, yüzlərlə, minlərlə həmvətənimiz, Azərbaycanın mərd oğul və qızları bu Qələbə naminə canlarından-qanlarından keçdilər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, fədakarcasına vuruşur və bununla həm də doğma Azərbaycan torpağını qoruyurdular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur.
Lakin məsələ təkcə bununla bitmir. Yadımdadır, ümummilli liderimiz Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində demişdi: “Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi...”
Bəlkə də ən əziz, ən işıqlı bayramlardan olan Qələbə günü ərəfəsində düşmənin məğlub edilməsində Azərbaycanın xüsusi rolunu bir daha vurğulayaraq, həmvətənlərimizdən heç olmasa bəzilərini - böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirərək, başqa xalqların nümayəndələri ilə birlikdə faşizmə qarşı mübarizədə iştirak etmiş və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızı yada salmaq istərdim.
...Hər il bu bahar günündə bakılılar və paytaxtımızın qonaqları şəhərin yuxarı hissəsində, indiki Şəhidlər xiyabanında qoyulmuş sadə heykəli ziyarət edir, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi tankçı, görkəmli sərkərdə, general Həzi Aslanovun xatirəsini ehtiramla yad edirlər. Azərbaycanın Prezidenti də hər il mayın 9-da buraya gələrək əklil qoyur.
General Həzi Aslanov fitri hərbi istedadı, qeydi-adi şücaəti ilə fərqlənirdi. Volqadan Baltik sahillərinə qədər ağır döyüş yolu keçmiş həmyerlimiz 1942-ci ilin çətin günlərində düşmən qruplaşmasının Paulyusun dəstəsi ilə birləşməsinə mane olmuş döyüşçülərin sırasında idi. Onların bu fədakarlığı Stalinqrad ətrafında tarixi döyüşün gedişində həlledici rol oynamışdır. Həzi Aslanov birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına məhz bu döyüşdəki igidliyinə görə layiq görülmüşdür. İndi Volqoqradda, Mamayev kurqanında ucaldılmış möhtəşəm memorialdakı 34 mərmər plitədən biri qəhrəman həmyerlimizə həsr edilmişdir.
Briqada komandiri, döyüş strategiyası və taktikasının mahir bilicisi Həzi Aslanov öz tankçıları ilə birlikdə bir sıra iri hərbi əməliyyatlarda iştirak etmiş - Dnepr çayını vuruşa-vuruşa keçmiş, Belarusun Pleşenitsı və Smorqon şəhərlərini faşistlərdən azad etmiş, Vilnüs, Şaulyay, Yelqava, Riqa şəhərlərinin alınmasında fərqlənmişdir.
Bir sıra yüksək mükafatlara, o cümlədən Suvorov ordeni, Aleksandr Nevski ordeni kimi fəxri ordenlərə layiq görülmüş igid generalın adı Moskvadakı “Poklonnaya qora”da ucaldılmış Şöhrət panteonunda qızıl hərflərlə yazılmışdır.
…Digər həmyerlimiz - müharibədən sonrakı dövrdə görkəmli şərqşünas alim kimi tanınmış, tarix elminin inkişafı üçün çox işlər görmüş akademik Ziya Bünyadov da cəbhədə öz igidliyi, cəsarəti ilə şöhrət qazanmışdı.
...Cəbhə qəzetlərində dərc edilmiş məqalələrdən göründüyü kimi, cəsur zabit, 24 yaşlı kapitan Bünyadovun rotası Birinci Belorus cəbhəsinin 1945-ci ilin yanvar ayında başladığı hücum əməliyyatının ön sıralarında olmuşdur. Bu rotanın hünəri sayəsində bizim qoşunlar düşməni mühasirəyə alaraq, ona ağır zərbələr vurmaq və nəzərdə tutulmuş əməliyyatı uğurla davam etdirmək imkanı qazanmışdı. Rotanın döyüşçülərinin önündə cəsur komandir Ziya Bünyadov gedirdi. Bu döyüşün uğurla başa çatmasına görə həmyerlimizə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.
Yadımdadır, Böyük Vətən müharibəsində qələbədən neçə illər keçəndən sonra Moskvada rejissor Tatyana Lioznovanın çəkdiyi “Baharın on yeddi anı” adlı məşhur çoxseriyali bədii filmin ssenari müəllifi, rusiyalı yazıçı Yulian Semyonovla görüşdük. Müharibə illərində hərbi müxbir olmuş Yulian Semyonov Ziya Bünyadov haqqında xatirələrini mənimlə bölüşdü: “Mən cəbhədə çox igid adamlar görmüşəm, lakin sizin həmyerliniz kimi cəsur, ölümdən qorxmayan və qətiyyətli adam görməmişəm. O, adamları öz arxasınca aparmağı bacarırdı...”
Bu sözləri eşitmək xoş idi və qəlbimdə qürur hissi doğururdu.
...Daha bir həmvətənimiz, cəsur döyüşçü Məlik Məhərrəmov da müharibə dövründə rota komandiri olmuşdur. Döyüşlərin ilk günlərində könüllü kursantlar sırasında cəbhəyə yola düşmüş Məhərrəmov o vaxta qədər iki il orduda xidmət etmiş, özünü qətiyyətli komandir, səriştəli hərbçi kimi göstərmişdi. O vaxt hələ qvardiya leytenantı olan Məhərrəmov elə ilk döyüşdə - Oryolun faşizmdən azad edilməsi uğrunda döyüşdə atıcı rotasının komandiri kimi iştirak etmişdi. Məhərrəmovun rotası şəhərə birincilər sırasında daxil olmuşdu. Komandir öz əsgərlərinə deyirdi: “Ən çətin döyüş hələ irəlidədir: düşmən çox güclü və təhlükəlidir”.
Məhərrəmovun rotasının döyüşçüləri Çerniqovun azad edilməsində də şücaət və igidlik nümayiş etdirdilər. Bu döyüşə görə rota komandiri Qırmızı Bayraq ordeni ilə təltif edildi. Lakin 23 yaşlı Məlik Dnepr çayının keçilməsində xüsusi fərqləndi. Onun rotası çayın o biri sahilinə birinci olaraq keçənlər sırasında idi. Bu isə əsl qəhrəmanlıq idi: axı birinci olmaq həmişə çətindir. Bu igidliyə görə komandir başda olmaqla həmin rotanın on altı döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Beləliklə, Azərbaycan xalqının igid oğlu Məlik Məhərrəmov “Qəhrəmanlar rotası”nın komandiri oldu. Əslən Zərdab rayonundan olan Məhərrəmovun doğma kəndinin sakinləri bu münasibətlə cəbhədən alınmış məktubu fəxrlə oxuyurdular. Məktub onların həmyerlisi cəsur zabit Məlik Məhərrəmovun ünvanına xoş sözlərlə dolu idi.
...Ordubadlı gənc fəhlə Nəcəfqulu Rəfiyev hələ faşizmə qarşı böyük savaş başlanana qədər kursant idi. Müharibə başlanandan cəmi dörd gün sonra isə tank batalyonunun komandiri kimi döyüşə girməli oldu. Rəfiyevin tankçıları torpağın hər qarışı uğrunda vuruşurdular. Düşmənin qat-qat üstün qüvvələrinin təzyiqi altında geri çəkilməyə məcbur olan tankçılar bu vəziyyətdə də faşistləri böyük itkilərə məruz qoyurdular. Hətta başından yaralanmış döyüşçü də savaş meydanını tərk etmirdi. Həmyerlimizin idarə etdiyi tank Jitomir, Xarkov şəhərlərinin ətrafında, Belarus torpağında faşistləri məhv edirdi. Nəcəfqulu öz igidliyinə, qələbə əzminə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
...Qəhrəman həmyerlilərimizdən daha birinin - Qafur Məmmədovun adı müharibə başa çatandan sonra da uzun müddət dillər əzbəri olmuşdur. Qəhrəman oğulların qanı ilə yuyulmuş Sevastopol torpağında döyüşən Qafur dəniz piyadaları batalyonunun tərkibində rota komandirinin rabitəçisi kimi xidmət edirdi. Döyüşlərin birində gənc Qafur faşistin onun komandirini nişan aldığını görəndə bir an da fikirləşmədən öz sinəsini qabağa verərək, öz həyatı bahasına komandirini xilas etmişdi.
…Azərbaycan milli mənsubiyyətindən asılı olmayaraq, həmişə bu diyarda doğulanların, burada yaşayanların hamısı üçün həmişə doğma vətən sayılmışdır. Buna görə də ölkəmizin faşizmə qarşı qəhrəmancasına döyüşə gedən vətəndaşları arasında müxtəlif xalqların oğulları vardı. Onlardan biri də hərbi təyyarəçi Aleksandr Petrov idi.
...Əslən Bakıdan olan qvardiya polkovniki Petrovun cəbhə bioqrafiyasında bu igid təyyarəçinin misilsiz qəhramanlıqlarından bəhs edən faktlar çoxdur. Belə epizodlardan yalnız birini qeyd etmək istərdim: Petrovun manqası düşmənin texnikasının və canlı qüvvəsinin toplaşdığı yeri bombalamağa hazırlaşarkən havada əlli alman təyyarəsi ilə qarşılaşdı. Bu o demək idi ki, düşmən beş dəfədən də artıq idi. Lakin Petrovun döyüşçüləri bu savaşdan qalib çıxdılar. Hitlerçilərin on təyyarəsi məhv edildi, onlardan birini Petrov özü vurmuşdu. Belə döyüş hünərinə görə bakılı təyyarəçi Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ad almışdı.
...Paytaxtımızın yaşlı sakinlərinə Moisey Davidoviç Şaxnoviçin adı yaxşı tanışdır. Yadımdadır, şəhər ticarət sistemində işləmiş bu gülərüz, son dərəcə xeyirxah insan haqqında həmişə rəğbət hissi ilə danışırdılar. Hamı bilirdi ki, o, Sovet İttifaqı Qəhrəmanıdır, müharibədə xüsusi fərqlənmişdir. Lakin onun hansı ciddi tapşırıqları yerinə yetirdiyini, bundan ötrü necə böyük cəsarət və qətiyyət tələb olunduğunu çoxları bilmirdi. Məsələn, “Azərbaycanın qızıl ulduzları” kitabında Şaxnoviçin cəbhə həyatından bəhs edən bircə epizoda nəzər salaq:
...Melitopol yaxınlığında əməliyyat meydanını ələ keçirmək lazım idi. Könüllülərdən ibarət çevik qrup yaradıldı. Bu qrupa baş leytenant Şaxnoviç komandirlik edirdi. Döyüş tapşırığına gedən 80 nəfər döyüşçüdən yalnız iyirmisi sağ qaldı. Lakin onlar diviziyanın əsas qüvvələri köməyə gələnə qədər tutduqları mövqeyi qoruyub saxlaya bildilər. Melitopol şəhərinin yarısı düşməndən azad ediləndə isə piyadalar şəhər rayonlarının birində kəskin müqavimətlə üzləşdilər. Həmyerlimiz faşistlərin atəş nöqtəsinə yaxınlaşıb onu məhv etməyə nail oldu, şəhər düşməndən tam azad edildi, igid döyüşçü isə Qəhrəman oldu.
Böyük Vətən müharibəsi cəbhələrində vuruşan insanlar müxtəlif peşə sahibləri idilər. Onlardan biri - bakılı neftçi Nikolay Statsyuk əvvəl Ukraynada vuruşmuşdur. Tank sürücü-mexaniki olan starşina Statsyuk Oder sahillərindəki döyüşlərdə fərqlənmişdir. Burada başda Statsyukun maşını olmaqla tank briqadası faşistlər körpünü partladana qədər onu yüksək sürətlə keçərək düşmən arxasında döyüşə başlamışdı. Bir neçə gün davam etmiş bu savaşda tankçılar düşmənin müqavimətini qırdılar. Cəsur döyüşçülərdən bir neçəsi, o cümlədən bakılı Statsyuk Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü...
Böyük Vətən müharibəsi hadisələri zaman keçdikcə tarixə çevrilmişdir. Lakin bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların adları yaddaşımızdan silinmir və bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.
######
