“Heydər babaya Qarabağdan məktub” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
Talış, 8 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər babaya Qarabağdan məktub” adlı esse müsabiqəsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Qarabağ Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin yekun tədbiri Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində təşkil olunub.
Qarabağ Regional Təhsil İdarəsini əhatə edən rayonların ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqədə ən yaxşı yazıların müəllifi olan 30-a yaxın məktəblinin, təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, xalqının işıqlı gələcəyini hər şeydən üstün tutan Ümummilli Lider hər bir Azərbaycan övladının təhsilinə önəm verirdi. Millətinin qəlbində əbədi taxt quran Heydər Əliyev illər, əsrlər keçsə də qəlbimizdə, Azərbaycan naminə görülən bütün xoş əməllərdə yaşayacaq.
Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şücaətli Ordumuzun əldə etdiyi Qələbə hər bir azərbaycanlının qəlbində sonsuz qürur, fəxarət hissi yaratdı. Xüsusən də azad, qalib və güclü ölkəmizdə böyüyən uşaqlar daha güclü və əzmli şəxsiyyət kimi formalaşacaq.
Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi Ulu Öndər Heydər Əliyevin uşaqlara, böyüməkdə olan gənc nəslə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.
Sonra esse müsabiqəsinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.