HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNDƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Əvvəlcə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir. Sonra AAHM-in rəisi general-mayor Heydər Piriyev, məktəb rəisinin tədris işləri üzrə müavini - şöbə rəisi polkovnik Vahid Eyyubov, Müdafiə Nazirliyinin ekologiya və təbiəti mühafizə xidmətinin rəisi polkovnik-leytenant Adil Məmmədov, Milli Məclisin deputatı Aydınxan Həsənov, məktəbin IV taborunun komandiri polkovnik-leytenant Erol Demir, ictimaiyyət nümayəndələri, hərbi məktəbin professor və müəllimləri çıxış edərək, zabit kadrların hazırlanmasında qarşıda duran vəzifələrdən, gənc zabitlərin komandir-lider kimi yetişmələrinin əhəmiyyətindən, hərbi elmi tədqiqat işlərinin vacibliyindən danışmışlar. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin C.Naxçıvanski adına hərbi liseyin yaradılmasında, eləcə də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi, Ali Hərbi Təyyarəçilik və Ali Hərbi Dənizçilik Məltəblərinin maddi-texniki bazalarının möhkəmləndirilməsində misilsiz xidmətləri xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Ali Baş Komandan, Prezident İlham Əliyev ordu quruculuğu, Silahlı Qüvvələrin inkişafı, döyüş hazırlığı, peşəkar zabit hazırlığı məsələlərini daim diqqətdə saxlayır, hərbçilərə xüsusi qayğı göstərir. Dövlət büdcəsində hərbi xərclərin artırılması, hərbçilərin əmək haqlarının, rütbə maaşlarının ilbəil qaldırılması, zabitlərimizin mənzil və digər sosial problemlərinin həlli istiqamətində atılmış addımlar deyilənlərin bariz nümunəsi kimi qeyd edilmişdir.
Professor və müəllimlər, zabitlər yüksək peşəkarlığa malik zabit kadrları hazırlığında fəaliyyətlərini genişləndirəcəklərini, Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad olunması və Vətənin müdafiəsi ilə bağlı qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini artıracaqlarını bildirmişlər.
Tədbirdə Ali Hərbi, Ali Hərbi Təyyarəçilik, Ali Hərbi Dənizçilik məktəblərinin zabit, müəllim və kursantları, eləcə də Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin yüksək rütbəli mütəxəssisləri, elm, ictimaiyyət nümayəndələri iştirak etmişlər.