HEYDƏR ƏLİYEV ADINA BAKI DƏRİN ÖZÜLLƏR ZAVODU İLƏ TANIŞLIQ
Hörmətli qonaq və onu müşayiət edən nümayəndə heyətinin üzvləri əvvəlcə görkəmli siyasi xadim Heydər Əliyevin zavodun qarşısında ucaldılmış abidəsi önünə gül qoymuşlar.
Baş nazir Danial Axmetova zavodun texniki-istehsal gücü, burada gedən tikinti-quraşdırma işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 1978-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə inşasına başlanmış bu müəssisədə nəinki Xəzər regionu, həm də keçmiş SSRİ-nin bütün dəniz hövzələrinin şelflərində neft-qaz hasilatı üçün dərin özüllü platformalar tikilirdi. Müstəqillik illərində Xəzərin Azərbaycan sektorunda xarici şirkətlərlə birgə həyata keçirilən əsas layihələr bu zavodla sıx bağlıdır, respublikada yeni neft strategiyasının uğurla reallaşmasında müəssisənin müstəsna rolu vardır.
Cənab Axmetov sonra tikinti-quraşdırma sahələrini gəzmiş, neft-qaz hasilatı, qazma, emal əməliyyatları üçün inşa edilən platformalar barədə ətraflı məlumat almışdır. Qazaxıstanın və Azərbaycanın müvafiq strukturlarının rəhbərləri, xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi məsələləri barədə bir sıra məsləhətləşmələr aparılmışdır.
Qazaxıstanın Baş naziri qardaş Azərbaycanda, Xəzər regionunda belə bir yüksək texniki-istehsal gücünə, müasir avadanlıq və mexanizmlərə, təcrübəli mütəxəssislərə malik obyektlə tanış olmaqdan məmnunluğunu söyləmiş, yaxın vaxtlarda bu müəssisə ilə birbaşa əlaqələrin qurulacağına əminliyini bildirmişdir.
Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov qonaqla birlikdə olmuşdur.