HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MÜDAFİƏ SƏNAYESİNİN TƏMƏLİNİ QOYMUŞDUR
AZƏRTAC xəbər veir ki, Müdafiə Sənayesi Nazirliyinin mərkəzi aparatında ümummilli lider Heydər Əliyevin 85 illik yubleyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda müdafiə sənayesinin təməlini qoymuşdur” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə nazirliyin foyesində Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstünü ziyarət etmiş, əvəzolunmaz liderin həyat və fəaliyyətini əks etdirən nəşrlərlə tanış olmuşlar.
Respublikanın tanınmış ziyalılarının və YAP Yasamal rayon təşkilatı fəallarının iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın böyük oğlu Heydər Əliyevin mənalı ömür yolu, siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi və ölkəmizin inkişafı naminə gördüyü işlərdən danışılmışdır.
Çıxış edənlər dahi şəxsiyyət, böyük insan, xalqımızın xilaskarı Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin olunduqdan sonra respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, müdafiə sənayesinə də xüsusi diqqət ayırdığını vurğulamışlar. Bildirilmişdir ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyndə fəaliyyət göstərən müəssisələrin əksəriyyəti məhz Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərliyi zamanı yaradılmışdır.
Tədbir iştirakçıları Heydər Əliyevin özünəməxsus uzaqgörənliyi sayəsində aparılan məqsədyönlü siyasətdən danışarkən bildirmişlər ki, ulu öndər hələ 1979-cu ildə Bakı Aqreqat İstehsalat Birliyində (indiki ”İqlim” EİM) seçiciləri ilə görüşü zamanı Azərbaycanda aviasiya sənayesi üzrə müəssisələrin yaradılmasının vacibliyini vurğulayaraq bu müəssisələrin respublikanın gələcək inkişafında böyük rol oynayacağını demişdir.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, onun xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışını Azərbaycan xalqının böyük qələbəsi kimi qiymətləndirmişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazası əsasında Müdafiə Sənayesi Nazirliyinin yardılması ulu öndərin təməlini qoyduğu siyasətin bu gün də uğurla davam etdirildiyini göstərir.
Tədbirin sonunda ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikanın digər sahələrində olduğu kimi, müdafiə sənayesinin inkişafı istiqamətində də mühüm işlər görüldüyünü qeyd edən natiqlər, bu işlərin davamlı olması üçün dövlət başçısının ətrafında sıx birləşəcəklərini və 2008-ci ilin prezident seçkilərındə yekdilliklə ona səs verəcəklərini bildirmişlər.