“HEYDƏR ƏLİYEV AZƏRBAYCANIN ƏN YENİ TARİXİNİN YARADICISIDIR”
Respublika Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə, ulu öndər Heydər Əliyevin prokurorluğun binasındakı büstü qarşısına əklil qoyulmuş, onun əziz və unudulmaz xatirəsinə dərin ehtiram ifadə olunmuşdur.
Konfransda məruzə edən Baş prokuror Zakir Qaralov bütün dövrlərdə xalqımızın yetişdirdiyi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildən başlayaraq müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik siyasət barədə ətraflı məlumat vermişdir. Xüsusi vurğulamışdır ki, bu möhtəşəm fəaliyyət nəticəsində indi Azərbaycan Respublikası inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan bir dövlətə çevrilmiş, mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində demokratik, hüquqi və sivil bir dövlət qurulmuş, iqtisadi müstəqilliyə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, dönməz ictimai-siyasi sabitliyə və əmin-amanlığa nail olunmaqla qanunçuluğa tam təminat verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır.
Məhz ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il aprelin 26-da Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlar aparılmaqla, prokurorluq demokratik məzmunda tamamilə yeniləşdirilmişdir. Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bütün hüquq mühafizə orqanları kimi, prokurorluğa da daim dövlət səviyyəsində diqqət və qayğı göstərilir, prokurorluq orqanlarına inam və etimadın nəticəsi olaraq, onun kollektivinin əməyinə qiymət verilir.
Baş prokuror daha sonra demişdir ki, 2003-cü ilin oktyabrında tam demokratik şəraitdə keçirilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Prezident seçilən İlham Əliyev tərəfindən Heydər Əliyev ideyalarının həyata keçirilməsi istiqamətində ardıcıl olaraq və məqsədyönlü şəkildə müvafiq tədbirlər görülür. Son iki il yarım ərzində Azərbaycanda görülən və bu gün də müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, ölkənin hərtərəfli sosial-iqtisadi inkişafı, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətindəki tədbirlər Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir.
Konfransın işində iştirak edən Milli Məclis sədrinin müavini Bahar Muradova “Azərbaycanda demokratik inkişaf və hüquqi dövlət quruculuğu Heydər Əliyev ideyalarının bəhrəsidir” və Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov “Heydər Əliyev dünya azərbaycanlılarının lideridir” mövzusunda məruzələrində dahi rəhbərimizin müdrik dövlətçilik siyasəti və doğma Azərbaycanımızın tərəqqisi naminə gördüyü möhtəşəm işlərdən danışmışlar.
Konfransda vurğulanmışdır ki, demokratik məzmunda tamamilə yenidən formalaşmış Respublika Prokurorluğunun kollektivi ulu öndərimiz Heydər Əliyev siyasi xəttinin davam etdirilməsində, onun qoruyub saxladığı dövlət müstəqilliyimizin, yaratdığı ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdə həmişə yaxından iştirak edəcəkdir.