“Heydər Əliyev irsi: liderlik, zaman və gələcək” mövzusunda onlayn elmi seminar
Bakı, 9 may, AZƏRTAC
AMEA Fəlsəfə İnstitutunun və Yeni Azərbaycan Partiyası Fəlsəfə İnstitutu üzrə Ərazi Təşkilatının təşəbbüsü ilə “Heydər Əliyev irsi: liderlik, zaman və gələcək” mövzusunda onlayn elmi seminar keçirilib. Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Tədbiri giriş nitqi ilə açan institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə seminarın mövzusunun aktuallığını qeyd edərək, hazırkı pandemiya şəraitində Azərbaycanda gedən köklü islahatların çoxtərəfli istiqamətlərinə nəzər salıb, Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb.
Seminarda institutun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Bir millət iki dövlət konsepsiyasının fəlsəfəsi”, fəlsəfə elmləri doktorları Sakit Hüseynov “Heydər Əliyev və İslam həmrəyliyi”, Afaq Rüstəmova “Heydər Əliyev irsində informasiya cəmiyyəti quruculuğu”, Ziba Ağayeva “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, hüquq elmləri doktoru İsaxan Vəliyev “Heydər Əliyevin hüquqi islahatları”, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev “Heydər Əliyev fenomeninin düsturu” mövzularında çıxışlar ediblər. Həmçinin “Azərbaycanda milli təhsil sisteminin formalaşmasında ulu öndər Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev şəxsiyyəti və yaradıcı gənclər”, “Zaman keçdikcə dahiləşən və əbədiləşən siyasi lider”, “Şəxsiyyət fenomeni və zaman” mövzularında çıxışlar dinlənilib.
Seminarda Azərbaycanın əldə etdiyi uğurların ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə əsaslandığı, ondan güc və qüvvət aldığı bildirilib, bu uğurların dayanıqlı və davamlı olmasında Prezident İlham Əliyevin apardığı müdrik siyasət ətrafında sıx birləşməyin ziyalılar üçün ən vacib vəzifə olması tədbir iştirakçılarının ümumi fikri kimi qiymətləndirilib.