HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN BANİSİDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı ilə birgə ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda elmi-pratiki konfrans keçirmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov ulu öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan, vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışmışdır.
YAP Naxçıvan şəhər təşkilatının sədri Ələkbər Quliyev məruzə etmişdir. Məruzədə Yeni Azərbaycan Partiyasının zərurətdən yarandığı və çoxluğun etimad göstərdiyi partiya kimi siyasi həyata vəsiqə aldığı, cəmiyyətdə yüksək etimad qazandığı bildirilmiş, bütün bunların ulu öndərimiz Heydər Əliyevin fenomenal liderlik keyfiyyətləri ilə bağlı olduğu vurğulanmışdır.
Digər natiqlər də Heydər Əliyevin Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan olduğunu vurğulamışlar. Qeyd etmişlər ki, o, Azərbaycanı bütün dünyaya tanıtdırdı. Heydər Əliyev Azərbaycanı qorumaq, yaşatmaq üçün yaşadı. Bu gün xalqımız ona görə xoşbəxtdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndərimizin siyasi kursunu İlham Əliyev davam etdirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan xalqının rifahı gündən-günə yüksəlir.
Konfransda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbir maraqlı bədii proqramla davam etdirilmişdir.