“HEYDƏR ƏLİYEV. MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” KİTABININ 18-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Mən seçkiqabağı görüşlərimdə dəfələrlə demişəm: Azərbaycan xalqı qazandığı bu ictimai-siyasi sabitliyi, sakitliyi, rahatlığı gərək heç vaxt əldən verməsin. Çünki inkişafımızın təminatı məhz budur. Güman edirəm ki, həmin qüvvələr bunu bilməli, geri çəkilməlidirlər. Yaxud da normal qanun-qayda ilə, Konstitusiya əsasında, dünya təcrübəsində olan yollarla hakimiyyət uğrunda mübarizə aparmalıdırlar. Hakimiyyət uğrunda mübarizə aparmaq heç kəsə qadağan edilmir. Heç kəs bu hüquqdan məhrum edilmir. Ancaq hakimiyyət uğrunda mübarizə aparan, birincisi, gərək bilsin ki, hakimiyyəti idarə edə, iqtidarda ola, ölkəyə rəhbərlik edə biləcəkmi? Gərək birinci bunu düşünsünlər”.
Bu sözlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin bu günlərdə Azərnəşr tərəfindən buraxılmış 18-ci cildindən – ulu öndərin 1998-ci il prezident seçkiləri günü səs verərkən seçki məntəqəsində yerli və xarici jurnalistlərə müsahibəsindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevdir.
Cilddəki materiallar 1998-ci ilin oktyabr-dekabr aylarını əhatə edir. Burada ümummilli liderin prezident seçkiləri kampaniyası zamanı seçicilərlə görüşlərindəki çıxışları, kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibələri, xalqın iradəsi ilə ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində söylədiyi geniş nitqi xüsusi yer tutur. Oxucular bu cilddə Heydər Əliyevin işləyib hazırladığı Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsində mühüm mərhələ olan Bakı-Tbilisi-Ceyhan neft kəməri marşrutunun müəyyənləşdirilməsini nəzərdə tutan Ankara bəyannaməsinin imzalanması mərasimindəki çıxışı və bəyannamənin mətni, respublika Nazirlər Kabinetinin ölkənin iqtisadi və sosial inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş və yekun nitqləri, “İslam sivilizasiyası Qafqazda” mövzusunda Bakıda keçirilmiş beynəlxalq simpoziumun açılışında nitqi ilə yenidən tanış ola biləcəklər.
Kitabda şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, elm, ədəbiyyat, mədəniyyət xadimlərinə, idmançılara göstərilən böyük qayğı və diqqəti əks etdirən materiallar da verilmişdir.
Ulu öndər 1998-ci il oktyabrın 18-də andiçmə mərasimində demişdir: “Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövləti çatdırmaq istəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik... Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir”. Bu gün biz inamla deyə bilərik ki, ümummilli liderimizin bu arzuları ardıcıl surətdə gerçəkliyə çevrilir. Onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan indi regionda lider dövlətə çevrilmişdir. İqtisadiyyatımız dinamik sürətlə artır və bu baxımdan indi Azərbaycan dünyada birinci yeri tutur. Gələcək illərdə bu uğurlar daha da artacaq və müstəqil Azərbaycan dünyada öz mövqelərini daha gücləndirəcəkdir.