HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
Sentyabrın 12-də Xırdalan qəsəbəsindəki Heydər parkında ulu öndərin adını daşıyan muzeyin təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Muzeyin direktoru Tükəzban Həsənova dövlətimizin başçısına məlumat verdi ki, 10 bölmədən ibarət muzey dahi şəxsiyyət Heydər Əliyevin irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə yaradılmışdır. Burada ulu öndərin uşaqlıq və gənclik illərini, təhlükəsizlik orqanlarında fəaliyyətini, Azərbaycana rəhbərliyinin ilk dövrünü, 1981-ci ildə Abşeron rayonuna gəlməsini, müstəqil Azərbaycan dövlətinə rəhbərlik illərini, kənd təsərrüfatının, sənayenin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, ordu quruculuğuna, mədəniyyətə və idmana qayğısını, yeni neft strategiyasının həyata keçirilməsini, xarici ölkələrə rəsmi səfərlərini, tanınmış dövlət xadimləri və siyasətçilərlə görüşlərini, 2001-ci ildə Abşeron rayonunda istifadəyə verilən obyektlərin açılış mərasimində iştirakını əks etdirən çoxsaylı fotoşəkil və eksponat toplanmışdır.
Muzeydə ümummilli liderin büstü də qoyulmuş, Abşeron rayonunda olmasını əks etdirən xüsusi fotoalbom hazırlanmışdır.
Prezident İlham Əliyev muzeyin ayrı-ayrı guşələri ilə tanış oldu, fotoşəkillərə, Qobu xalçaçılarının toxuduqları, üzərində ulu öndərin portreti olan xalçaya böyük maraqla tamaşa etdi.
Sonra dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək sözlərini yazdı:
“Heydər Əliyev muzeyində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər bir daha göstərir ki, bütün dövrlərdə Heydər Əliyev doğma xalqına sədaqətlə xidmət etmişdir. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafına böyük diqqət göstərmişdir.
Bu gün Abşeron rayonu uğurla inkişaf edir, burada quruculuq, abadlıq işləri sürətlə gedir. Əminəm ki, bundan sonra da abşeronlular, həmişə olduğu kimi, doğma Vətənimizin inkişafına öz töhfələrini verəcəklər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
12 sentyabr 2006-cı il”.
X X X
Rayon ictimaiyyəti adından xatirə olaraq Prezident İlham Əliyevə Hökməli xalçaçılarının toxuduqları, üzərində dövlətimizin başçısının portreti olan xalça təqdim edildi.