HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, burada ulu öndərin uşaqlıq, gənclik illərinə aid, milli təhlükəsizlik orqanlarında çalışdığı illərə, respublikamıza rəhbərliyinin hər iki dövrünə aid, rayonlara səfərlərini, zəhmətkeşlərlə görüşlərini, xarici ölkələrə səfərlərini, ölkəmizin sosial-iqtisadi sahədə dirçəlişi, Azərbaycanın yeni neft strategiyasının hazırlanması və həyata keçirilməsini, ordu quruculuğu sahəsindəki fəaliyyətini əks etdirən zəngin fotoşəkillər toplanmışdır. Muzeydə ulu öndərin büstü də qoyulmuşdur.
Prezident İlham Əliyev muzeyin ayrı-ayrı guşələrinə baxdı. Daşkəsən rayonunun tarixi, sosial-iqtisadi göstəriciləri ilə bağlı məlumatlar, rayon ərazisindəki faydalı qazıntıların nümunələri də böyük maraq doğurdu.
Dövlətimizin başçısı muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Heydər Əliyev muzeyi”nin eksponatları və muzeydə nümayiş etdirilən fotoşəkillər ulu öndərin həyat və fəaliyyətini əks etdirir. Muzeyin xarici görünüşü və daxili tərtibatı yüksək standartlara cavab verir. Müstəqil Azərbaycanın inkişafında Heydər Əliyevin müstəsna və əvəzolunmaz rolu olmuşdur. Bu gün onun siyasi kursu uğurla davam etdirilir.
Daşkəsən rayonunun sürətli inkişafı bunun əyani sübutudur. Daşkəsən rayonunun inkişafına çox böyük diqqət göstərilir. Xüsusi sərəncam imzalanmışdır və uğurla icra edilir. Abadlıq işləri geniş vüsət almışdır. Bütün daşkəsənlilərə yeni uğurlar və qələbələr arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
31 oktyabr 2006-cı il”.