“HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİNDƏ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
AZƏRTAC xəbər verir ki, Səbail rayonunun Badamdar qəsəbəsindəki Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbdə “Heydər Əliyev şəxsiyyətində vətənpərvərlik tərbiyəsi” mövzusunda elmi-təcrübi seminar keçirilmişdir.
Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinin qatıldığı tədbirdə çıxış edənlər bütövlükdə tərbiyə işində olduğu kimi, vətənpərvərlik tərbiyəsində də nümunənin qüdrətli təsir gücünə malik olduğunu demiş, vurğulamışlar ki, həyatını xalqına xidmətə həsr edən, bu yolda qətiyyət nümayiş etdirən dahi şəxsiyyət Heydər Əliyev gənc nəslə əbədi örnəkdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov da Azərbaycanın müstəqilliyini dünyaya tanıtmış, daxili və xarici siyasəti ilə xalqının hörmət və məhəbbətini qazanmış dünyanın nüfuzlu siyasətçilərindən biri, ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs etmişdir.
Digər natiqlər də ulu öndərin həyatının hər bir yeniyetmə və gənc üçün ən böyük vətənpərvərlik timsalı olduğunu vurğulamışlar.
Mərasimdə şagirdlərin nizamlı çıxışı, “Heydər Baba” sözünü əks etdirməsi maraqla qarşılanmışdır. Ədəbi-bədii kompozisiyada isə ulu öndərə həsr olunmuş şeirlər səslənmişdir.
Yubileylə bağlı şagirdlərin internet layihəsinə baxış olmuşdur. Sonra “Heydər Əliyev” açıq dərsi keçilmişdir. Dərsdə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhs olunmuşdur.