“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA SAHİBKARLIĞIN İNKİŞAFI”
AZƏRTAC xəbər verir ki, aprelin 17-də Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının qərargahında “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, onun rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından, yeni, müasir, müstəqil Azərbaycan dövlətinin yaranmasından danışmışdır.
İcra başçısının müavini Pərvin Mahmudova “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda məruzə etmişdir. Natiq Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkəmizdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi islahatların uğurlu nəticələrindən, sahibkarlığın inkişafına dövlət qayğısından ətraflı söz açmışdır. O, həmçinin kənddə sahibkarlığın inkişafına toxunmuş, bu işdə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulmasının, kənddə aqrar islahatların, o cümlədən torpaq islahatlarının həyata keçirilməsinin, xüsusilə kolxoz və sovxozların ləğv olunmasının və onlara məxsus torpağın, mal-qaranın, əmlakın paylanmasının rolunu vurğulamışdır. Qeyd etmişdir ki, bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, qısa müddətdə iqtisadiyyatın bütün sahələrində sürətli və fundamental keyfiyyət dəyişiklikləri baş vermişdir. Son illər istehsalın sabitləşməsi, məhsulun və məhsuldarlığın nəzərəçarpacaq dərəcədə yüksəlməsi, iş yerlərinin açılması məhz sahibkarlığa dövlət qayğısı sayəsində baş vermişdir.
Sahibkarlar Əjdər Abbasov, İbrahimxəlil Xəlilov, Ələmdar Şükürov və başqaları çıxış etmişlər.